Rus ordusu Ermənistandan çıxır? – Gözlər Gümrüdəki hərbi bazada

“Rusiya ordusunun Ermənistandan çıxması hələlik qeyri-müəyyən məsələdir”.

Bu sözləri Globalinfo.az-a siyasi şərhçi Tural İsmayılov deyib.

Onun sözlərinə görə, Ermənistan hakimiyyəti hər vəchlə çalışır ki, Rusiyanın bu ölkədəki hərbi bazaları çıxsın:

“Bu istiqamətdə bir çox işlər görülür, təbliğat aparılır. Lakin bu məsələnin həlli elə də asan deyil. Məsələ ondadır ki, Rusiya ilə Ermənistan arasında hərbi bazalar, habelə bu ölkədə Rusiya hərbçilərinin olmasına dair imzalanmış dövlət sənədləri var. Həmin sənədlərə görə isə Rusiya hərbçiləri Ermənistanda 2040-ci ilə qədər qalmalıdır.

Bu müqavilə təbii ki, ləğv edilə bilər, amma bu, Ermənistana baha başa gələcək. Rusiya birdən çox vasitə ilə Ermənistana təzyiq edir. Buna görə də mən inanmıram ki, bu tezlikdə Rusiya Gümrünü tərk etsin”.

Siyasi şərhçi deyib ki, Rusiya hərbçilərin Ermənistanı tərk etməsi hələlik real olmasa da müəyyən yerdəyişmələrin baş verməsi mümkündür:

“Məlum olduğu kimi, Ukrayna müharibəsi davam edir. Rusiyanın son günlər Ukraynaya qarşı növbəti genişmiqyaslı hücuma hazırlaşacağına dair konkret məlumatlar var.

Rusiya bu halda Gümrüdəki və ümumilikdə Ermənistandakı hərbçilərini Ukraynaya çağırıb əməliyyatlara cəlb edə bilər. Amma onu da demək lazımdır ki, hazırda Qərbin Ermənistanda nüfuzu günbəgün artır.

Ermənistanda artan anti-Rusiya ritorikası da diqqət çəkir. Belə olan təqdirdə Kremlin bu ölkədə mövqelərini zəiflədəcək addımlar atması inandırıcı deyil”.

Turan Rzayev
Globalinfo.az