Rusiya nüvə müharibəsinə hazırlaşır?: Moskvadan rəqiblərinə gözdağı – VİDEO

Rusiya ordusu nüvə başlığı daşıya bilən “Bulava” ballistik raketinin sınaq buraxılışını həyata keçirib. Rusiya MN-nin məlumatına görə, Aralıq dənizindəki nüvə sualtı qayığından buraxılan qitələrarası raket minlərlə km aralıda Kamçatka yarımadasındakı hədəfi uğurla nişan alıb. Raketin uçuş məsafəsi 8 min km-ə yaxındır. Nüvə sualtı qayığına gəlincə, bu nəqliyyat vasitəsi 16 “Bulavo” raketi və bir neçə müasir torpidorlarla təchiz olunub.

Ekspertlər bu sınaqları Rusiyanın əzələ nümayişi ilə bərabər, son savaşa hazırlığı kimi də qiymətləndirirlər.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Züriyə Qarayeva deyib ki, 1985-ci ilin noyabrında, SSRİ-ABŞ münasibətlərinin tənəzzülə uğradığı bir vaxtda Cenevrədə keçirilən nüvə silahsızlanması üzrə Sammitdə Mixail Qorbaçov və Ronald Reyqan arasında ilk görüş keçirildi. İclasın yekunu olaraq bəyanat qəbul edildi:

“1987-ci ildə ABŞ Prezidenti Ronald Reyqan və SSRİ rəhbəri Mixail Qorbaçov tərəfindən imzalanmış müqaviləyə görə 500 km-dən 5500 km-ə qədər olan bütün nüvə raketləri qadağan edilməli idi. İmperiyanın dağılmasından sonra Rusiya Nüvə Sınaqlarının Hərtərəfli Qadağası Müqaviləsini imzaladı. Nüvə Sınaqlarının Hərtərəfli Qadağası Müqaviləsi həm mülki, həm də hərbi məqsədlər üçün bütün mühitlərdə bütün nüvə sınaqlarını qadağan edən çoxtərəfli müqavilədir. 10 sentyabr 1996-cı ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən qəbul edildi, lakin Çin, Misir, Hindistan, İran, İsrail, Şimali Koreya, Pakistan və ABŞ müqaviləni ratifikasiya etmədiyi üçün qüvvəyə minmədi. O bəyanatda deyilirdi: “nüvə müharibəsini udmaq mümkün deyil və onu başlamaq olmaz”. ABŞ və Rusiya arasında qüvvədə olan sonuncu nüvə müqaviləsi Yeni START idi.

Züriyə Qarayeva

2010-cu ildə imzalanan yeni START sazişi ABŞ və Rusiyanın strateji nüvə silahlarını 1550-yə endirməyi nəzərdə tuturdu. Müqavilə 2021-ci ildə daha beş il müddətinə uzadılmışdı. Rusiyanın qitələrarası mənzilli nüvə silahlarını məhdudlaşdıran müqavilə təxminən 30 dəqiqə ərzində ABŞ-a çata bilən ballistik raketlərdəki hər bir rus nüvə başlığını da əhatə edirdi. Bununla belə o, həm Vaşinqtonun, həm də Moskvanın nəzarət tədbirlərini əhatə edən telemetrik məlumat mübadiləsi fəaliyyətlərini nəzərdə tuturdu. Lakin Ukraynaya təcavüzlə Rusiya bütün bu razılaşmalardan imtina etdi.

Politoloq deyib ki, Kreml fevralın 22-də gələcək silahlara nəzarət danışıqları üçün əsas olan START razılaşmasını dayandırdı:

“Rusiya Nüvə Sınaqlarının Hərtərəfli Qadağası Müqaviləsinin ratifikasiyasının geri çağırılması barədə qanun qəbul etdikdən sonra təlim təşkil etdi. İyun ayında Rusiya lideri Putin taktiki nüvə silahlarının Belarusa yerləşdiriləcəyi tarixi açıqlamışdı və bu addım NATO-nun Finlandiya və İsveçlə ittifaqı genişləndirmək üçün atdığı addıma cavab kimi şərh edilmişdi. Ötən ayın əvvəlində Beynəlxalq Valday Klubunun Soçidə keçirilən iclasında Putinin toxunduğu məsələlərdən biri də nüvə silahı olub.

Američki mediji o ruskoj raketi „Bulava“: Ovo je recept za apsolutno  uništenje (video) - 10.09.2019, Sputnik Srbija

Beynəlxalq ekspertlər Rusiyanın NATO qüvvələrinin irəliləməsinin qarşısını almaq üçün Kalininqrad şəhəri yaxınlığında yerləşən bazadan nüvə zərbəsi endirəcəyini iddia edir. NATO isə havadan taktiki nüvə zərbələri endirəcək. Məlumdur ki, bu silahlardan qarşılıqlı istifadə dünyanın 5-6 milyard insanın ölümünə, başqa sözlə, bəşər övladının yox olmasına səbəb olan nüvə qışına girməsi deməkdir. Hətta tək bir nüvə silahının istifadəsi planeti keçilməz nüvə müharibəsi fəlakətinə sürükləyə bilər. Alimlər deyirlər ki, “Nüvə silahı insanlığı məhv etməzdən əvvəl biz onları məhv etməliyik”. Lakin tendensiya əks istiqamətdə güclənir. Ukraynada davam edən müharibə, Qəzza müharibəsi, NATO-nun genişlənmə siyasəti, Kremlin nüvə təhdidləri və ABŞ-ın Ukraynaya 100-dən çox ölkədə qadağan olunmuş kaset bombaları göndərməsi. Bu, dünyanın acınacaqlı vəziyyətidir. Hazırda Şimali Koreya konstitusiyasına nüvə silahı əlavə edir. Nüvə silahı istehsal edə biləcək nöqtədə olan İranın Qərblə razılaşması ABŞ-ın ucbatından pozuldu.

Hazırkı mənzərə nüvə silahından istifadə riskini artırır. Qlobal silahlara nəzarət arxitekturasının dağılması ehtimalı narahatlıq doğurur. Risklərin artım intensivliyi isə ona qarşı mübarizədən daha sürətlidir. Bu hal yaxın gələcək üçün ümidsiz olmağa təkan verir”.

Turan Rzayev
Globalinfo.az