Rusiya müharibədə ilk dəfə buna əl atdı – İran “ağlı”

Rusiya ilk dəfə olaraq Ukraynada yüksəkdəqiqlikli “Qaem-5” aviasiya bombası tətbiq edib. Məlumata görə, İran istehsalı bu “ağıllı” bombalar 12-20 km məsafədə hədəfləri məhv edə bilir.

Globalinfo.az-a danışan politoloq Turab Rzayev deyib ki, Rusiyanın İrandan silah almasının bir neçə səbəbi var:

“Birincisi, Rusiya İranın manevr imkanlarını azaldır və məcbur edir ki, rəsmi Moskva ilə əməkdaşlıq etsin. ABŞ dəfələrlə İranla əməkdaşlığa çalışdı. Rəsmi Tehranı Kremlin orbitindən çıxartmaq və öz tərəfinə çəkmək üçün xüsusilə Demokratlar Partiyası çox iş gördü”.

Politoloqun fikrincə, Rusiya İrandan silah, dron, hərbi texnika almaqla bir növ rəsmi Tehranı Ukrayna müharibəsinə daxil etdi:

“Bu səbəbdən ABŞ İranla münasibətləri davam etdirə bilmədi. İkinci səbəb İran silahlarının ucuz olmasıdır. Hazırda Kremldə mərmi qıtlığı, silah çatışmazlığı var. İran isə kütləvi silah istehsalı ilə məşğuldur. Onillər boyu daxili silah istehsalını davam etdirib. Rusiya silah sənayesi daha ağır və köhnə texnikalardan təşkil olunduğu üçün İran istehsalı silah-sursata üstünlük verilir.

Digər tərəfdən rus ordusunda həqiqətən də çatışmayan texnikalar var. Bunu da İrandan aldığı dronlar, “ağıllı” raketlərlə təmin edir. Ümumiyyətlə, Tehran sözügedən silahlardan Ukrayna müharibəsində sınaq meydanında istifadə etmiş olur. Bu günə qədər onların varlığını hiss edirdik, lakin effektivliyi, döyüş meydanındakı fəaliyyəti, manevr imkanları və s. bəlli deyildi”.

Safura Bənnayeva

Globalinfo.az