Rusiya MN generalın təbrikini niyə sildi? – Teplinski elə məlumat paylaşıb ki…

Rusiya Müdafiə Nazirliyi desant günü münasibətilə hava desant qüvvələrinin rəhbəri Mixail Teplinskinin təbrikini silib.

Globalinfo.az xəbər verir ki, təbrik nazirliyin idarə etdiyi “Zvezda” telekanalından və “Telegram” sosial şəbəkəsindən silinib.

General-polkovnik M.Teplinski bildirib ki, Ukraynadakı müharibədə yaralanan 5 mindən artıq hərbçi müalicədən sonra yenidən döyüşlərə qayıdıb. 3,5 mindən çox yaralı ümumiyyətlə ön xəttə getməkdən imtina ediblər. Bununla belə, general ölənlərin sayını açıqlamayıb.

Müxtəlif mənbələrin məlumatlarına əsaslansaq, bu rəqəm təxminən 2 minə yaxındır.

Rusiyalı general silinən materialda həmçinin müharibə zamanı Novorossiysk yaxınlığında briqada formalaşdırdıqlarını və onu cəbhəyə göndərdiklərini bildirib. O, 2023-cü ilin sonuna qədər daha iki paraşüt-desant alayı formalaşdırmaq və 104-cü qvardiya hava desant diviziyasını canlandırmaq istədiyini söyləyib.

Onun bəhs etdiyi diviziya İkinci Dünya müharibəsindən sonra yaradılıb və 1993-cü ilə qədər Azərbaycanda dislokasiya edilib. Daha sonra baza Ulyanovska köçürülüb.

Qeyd edək ki, general-polkovnik M.Teplinski ölkənin ən populyar hərbçilərindən biri sayılır. Olduqca böyük nüfuz sahibi olan generalın çıxışının silinməsi burada MN-i narahat edən bir həqiqətin üzə çıxması ola bilər.

Əliyar Xəlil
Globalinfo.az