rusiya 1

2026-cı ilin əvvəlində tariflərin və əlavə dəyər vergisinin (ƏDV) artırılması Rusiya iqtisadiyyatında inflyasiyanın sürətlənməsinə səbəb ola bilər.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Bankının sədri Elvira Nabiullina xəbərdarlıq edib.

Onun sözlərinə görə, cari ildə Rusiyada qiymət artım tempi son 5 ilin minimumuna enərək 6 faizdən aşağı düşüb. Lakin ƏDV-nin artırılması yaxın aylarda qiymətlərə ciddi təsir göstərə bilər.

“Bəzi şirkətlər artıq dekabr ayında bunu nəzərə alaraq qiymətləri korrektə etməyə başlayıblar, amma əsas təsir hələ qabaqdadır”, – deyə o bildirib.

Mərkəzi Bank rəhbəri əlavə edib ki, uçot dərəcəsinin azaldılması “avtopilot rejimində” baş verməyəcək.

Qeyd edək ki, Rusiya Mərkəzi Bankı bu il ərzində beşinci dəfə uçot dərəcəsini azaldaraq 16,5 faizdən 16-ya endirib. Bununla yanaşı dərəcənin əvvəlki səviyyədə saxlanılması ssenarisi də müzakirə olunub.

Mərkəzi Bank inflyasiya risklərini yalnız ƏDV ilə məhdudlaşdırmır. Qurum neft qiymətlərinin də risk yaratdığını vurğulayır. Belə ki, Rusiya neft sortlarının qiyməti bir barel üçün 40 dollardan aşağı düşüb. Bu isə rublun məzənnəsi vasitəsilə inflyasiyaya əlavə təzyiq göstərə bilər.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: