Aviasiya naviqasiya sistemlərinin işlənib hazırlanması və istehsalı ilə məşğul olan Rusiyanın “Azimut” şirkəti Ermənistana dağlıq ərazilərdə və çətin hava şəraitində təyyarələrin naviqasiyasına kömək edəcək radiomayak verib.
Globalinfo.az bildirir ki, bu barədə “Rostec” dövlət korporasiyası məlumat yayıb.
Avadanlığın Qarakilsə (Sisian) şəhəri yaxınlığında quraşdırıldığı bildirilir:
“Biz VOR/DME 2700-ün Ermənistanda sınaqlarını başa çatdırdıq. Bu qurğu təyyarələrə dağlıq ərazidə və pis hava şəraitində marşrutlar üzrə hərəkət etməyə imkan verəcək”, – “Azimut”un baş direktorunun müavini Aleksey Qalçenkov bildirib.
Məlumata görə, İrəvana verilən radiomayak təyyarənin yerini müəyyənləşdirir. O, VHF (çox yüksək tezlik, 30-300 meqahers) diapazonunda işləyir və eyni vaxtda 200-ə qədər təyyarəni idarə edə bilir. Avadanlıq Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) tərəfindən hava yollarında əsas oriyentasiya vasitəsi, eləcə də təyyarə eniş yerinə yaxınlaşdıqda əlavə vasitə kimi tövsiyə olunur.
Ayşən Mustafa
Globalinfo.az