Xarici ölkələrdəki erməni icmaları Ermənistanda baş verənlərə görə narahatdırlar. Onlar da müxtəlif geosiyasi mərkəzlərdə Ermənistana gəlib rol oynaya, hökumət qura biləcək siyasi və ictimai xadimlər axtarırlar.
Globalinfo.az xəbər verir ki, bu barədə “Hraparak” qəzetinin məqaləsində qeyd olunur.
Qəzetin məlumatına görə, hazırda Rusiya da Ermənistan daxilində aktivləşəcək və iqtidara qarşı mübarizə aparacaq adamlar axtarır. Hətta bu istiqamətdə müxtəlif şəxslərin diqqətə alındığı və müzakirə edildiyi bildirilir. Onlardan biri də Rusiyada yaşayan erməni əsilli kanal rəhbəri Artur Canibekyandır. Kremllə sıx əlaqələri olduğu deyilən Canibekyanla yanaşı, erməni əsilli rusiyalı politoloq Henrix Sərdəryanın da adı çəkilir. O, ali təhsilini Rusiyada alıb, burada siyasət elminə yönəlib, 2020-ci ildən BMT-nin Dövlət İdarəçilik üzrə Ekspert Komitəsində Rusiyanın nümayəndəsi təyin edilib. Sərdəryan həm də Rusiya Federasiyası İctimai Palatasının üzvüdür və mütəmadi olaraq bu ölkənin televiziya kanallarında siyasi verilişlərdə iştirak edir.
Məlumata görə, Henrix Sərdəryan uzun illərdir Rusiyada yaşamasına baxmayaraq çox ciddi erməni milliyətçisidir. Rusiya dairələrində Sərdəryanın siyasi karyerasını vətəni Ermənistanda davam etdirəcəyinə dair xəbərlər yayılır.
Ayşən Mustafa
Globalinfo.az