Moskvaya kütləvi PUA hücumu dünya mediasının gündəmindədir. Bildirilir ki, ilk hücum Lyubertsı şəhər dairəsinə edilib. Daha sonra Jukovski rayonunda PUA-lar vurulub.
Ukrayna hücumun miqyasını, coğrafiyasını böyüdür və savaşda təşəbbüsü saxlamağa çalışır.
Bu gedişat Putin üçün nə vəd edir?
Globalinfo.az-a danışan politoloq Asif Nərimanlı deyib ki, Ukaynanın müharibə arealını Rusiya daxilinə keçirməsi gözlənilən idi:
“Əvvəl Qərb ölkələri buna daha çox ehtiyat edirdilər. Ukraynaya bu addımı atmağa icazə vermirdilər. Qorxurdular ki, müharibə arealının genişlənməsi Rusiyanın Avropaya adekvat cavab verməsinə səbəb olacaq.
Ukraynanın Kurskdan başlayan və davam edən əməliyyatları daha çox rəsmi Kiyevin şəxsi qərarına bənzəyir. Çünki həmin dövrdə Yaxın Şərqdə İran-İsrail gərginliyi Ukrayna müharibəsini ikinci plana salmışdı. Hətta ABŞ-ın bu məsələdə Rusiya ilə danışıqlara başladığı ilə bağlı da xəbərlər yayılırdı. Belə bir prosesdə Kurska edilən hücum bütün dünyanın diqqətini Ukraynaya yönəltdi. Ukrayna ordusunun əməliyyatlarda üstünlük əldə etməsi böyük nailiyyət hesab edilir. Moskvaya PUA hücumlarının genişləndirilməsi istisna edilmir”.
Asif Nərimanlı
Politoloqun sözlərinə görə, hazırda proses Rusiyanın əleyhinə olsa da növbəti mərhələdə Kiyevin Moskvanın cavab atəşi qarşısında tab gətirib-gətirə bilməyəcəyi maraq doğurur:
“Rusiyanın daha dəhşətli addım atması gözləniləndir. Məsələn, Kursk əməliyyatı Rusiyanın Donbass istiqamətində irəliləyişinə mane ola bilmədi. Əksinə, Ukrayna qüvvələri parçalanmış vəziyyətdədir. Hazırda Rusiya Ukraynadan daha çox ərazi işğal edib.
Sual yaranır: Rusiya Kursk istiqamətində Ukrayna ordusunu həqiqətən çıxarda bilmir, yoxsa hərbi hiylə istifadə edir?
Rusiyanın Kurska daxil olan Ukrayna hərbçilərini daxildə mühasirəyə alıb neytrallaşdırmağa çalışması da istisna edilməməlidir. Digər tərəfdən Ukrayna bu ərazini işğal etsə də orda qalması olduqca çətin məsələdir.
Unutmaq olmaz ki, bu gün Qərb Ukraynanı nə qədər dəstəkləsə də ən xırda uğursuzluğunda bu dəstəyi geri götürəcək”.
Safura Bənnayeva
Globalinfo.az