Rusiya gizlətmir: Bu 5 ölkəyə dağıdıcı zərbələr endirəcək – Nüvə savaşı

NATO-nun Ukraynaya Alyansın silahları ilə Rusiya ərazisindəki hərbi hədəfləri vurmağa icazə verdiyi bildirilir. Rusiya rəsmiləri bu hal baş verərsə, Qərbin kəskin cavabla qarşılaşacağını açıqlayıblar. Hətta nüvə silahından istifadə də istsina edilmir.

Ümumiyyətlə, müasir dövrdə nüvə silahından istifadə real görünürmü?

Globalinfo.az-a danışan politoloq Elçin Xalidbəyli deyib ki, Ukrayna və Qərbdə bəzi siyasi dairələr savaşın Rusiya ərazisinə keçirilməsində maraqlıdırlar:

“Bu istiqamətdə də müəyyən addımlar atırlar. Ən çox müzakirə olunan məsələlərdən biri NATO hərbi kontingentinin Ukrayna ərazisinə göndərilməsidir. Bunun arxasında Fransa dayanır. Lakin hələlik Alyansda belə bir addımın atılmasına cəsarət etmirlər. Çünki bu halda NATO və Rusiya savaşa girmiş olacaq. Kreml bu məqamda Alyans ölkələrinə zərbə endirəcəyini gizlətmir. Bu baxımdan hələlik Qərb silahları vasitəsilə Rusiya ərazisinə zərbələr endirilməsi müzakirə olunur”.

Politoloqun sözlərinə görə, sözügedən icazə üzrə Ukrayna Rusiya ərazilərinə hücumları intensivləşdirsə, Kreml ciddi problemlərlə üzləşə bilər:

“Zərbələr səbəbindən Rusiyanın strateji obyektlərinin sıradan çıxması mümkündür. Bu halda rəsmi Moskva qətiyyən müşahidəçi qalmayacaq. Böyük ehtimalla Avropa ölkələrinə, xüsusilə Polşa, Rumıniya və Pribaltika ölkələrinə (Latviya, Litva, Estoniya) dağıdıcı zərbələr endirə bilər”.

E.Xalidbəyli qeyd edib ki, Rusiyanın nüvə silahından istifadəsi məsələsi də artıq inandırıcı hal alıb:

“Çünki Kreml taktiki nüvə silahları ilə təlimlərə başladı və Qərbə açıq mesajlar verdi. Rusiya müharibəni uduzsa və dövlətçiliyinə real təhlükə yaransa nüvə silahına əl atmaqda tərəddüd etməyəcək”.

Safura Bənnayeva
Globalinfo.az