Rusiya Qarabağda gərginliyi azaltmaq üçün bu yola əl atdı – Hərbi ekspert

 

Xəbər verdiyimiz kimi, 2023-cü il sentyabrın 3-dən Qarabağda müvəqqəti dislokasiya olunmuş Rusiya sülhməramlı kontingentinin komandanlığı general-mayor Kulakov Kirill Denisoviçə həvalə edilib. O, bu vəzifədə 2023-cü ilin aprelində təyin olunmuş Aleksandr Lentsovu əvəzləyib.

Maraqlıdır, Qarabağdakı Rusiya HK-nin komandanının dəyişməsi bölgədə vəziyyətin dəyişməsində nə kimi rol oynaya bilər? Təzə komandan kimdir?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan hərbi ekspert Ədalət Verdiyev deyib ki, Rusiya sülhməramlı kontingenti bu günə qədər çox komandan dəyişib:

Ədalət Verdiyev

“Amma onların arasından ən az xidmət edən Aleksandr Lentsov oldu. Maraqlıdır ki, sülhməramlı kontingentdə komandanlıq edən ən yüksəkrütbəli şəxs idi.

Görünür, onun belə təcili dəyişməsi qeyri-qanuni fəaliyyəti ilə bağlıdır. Ümumiyyətlə Lentsovun fəaliyyəti nə Azərbaycanı, nə də Rusiyanı qane etmirdi. Hətta ermənilər belə ondan şikayət edirdi.

Rusiya tərəfi mövcud gərginliyi azaltmaq üçün Lentsovu daha təcrübəsiz döyüşlərdə iştirak etməyən, sülhməramlı fəaliyyəti olmayan Kulakov Kirillə əvəzlədi.

Onun haqqında onu demək olar ki, bu şəxs hərbi məktəbi Kazan şəhərində bitirib. Elə uzun müddətdə bu məktəbdə vəzifədə çalışıb. Onun haqda rus dilli mediada araşdırma apardıqda daha çox içkiyə meylli olması və qadın düşkünlüyü haqda məlumatlar çıxır.

Hesab edirəm, biz ümumilikdə sülhməramlı kontingentin qanunsuz fəaliyyətinə icazə verməməli və bununla bağlı ciddi tədbirlər görməliyik”.

Turan Rzayev
Globalinfo.az