Rusiya xarici işlər naziri Sergey Lavrov Rusiyanın “Birinci Kanalı”na açıqlamasında deyib ki, Paşinyan Qarabağ üzrə üçtərəfli razılaşmaları sabotaj edir:
“Ermənistanın Sünik bölgəsindən keçən kommunikasiyalara gəlincə, altında baş nazir Paşinyanın imzası duran sazişi sabotaj edən məhz Ermənistan rəhbərliyidir. Əminəm ki, üçtərəfli görüşlər çərçivəsində, üçtərəfli sənədlərdə qoyulan təməl tam şəkildə aktual olaraq qalır”.
Putin Bakıda olarkən Lavrov Zəngəzur dəhlizi bəyanatı verdi. Kremlin dəhlizlə bağlı yeni planı nə ola bilər?
Globalinfo.az-a danışan politoloq Məhəmməd Əsədullazadə deyib ki, 2020-ci ildə imzalanan üçtərəfli bəyannamənin 9-cu bəndi kommunikasiyaların açılmasını özündə ehtiva edir:
“Razılaşmaya əsasən, Rusiya bu yola nəzarət etməli idi. Lakin göründüyü kimi Zəngəzur dəhlizinin açılması və rusların buraya nəzarətini Ermənistan istəmir. Qərblə əməkdaşlıq edən İrəvan Aİ, eləcə də ABŞ hərbi qruplarının Zəngəzura yerləşdirilməsinə çalışır. Rusiya da bundan narahatdır. Ermənistan qəti şəkildə Kremlin burada iştirakını qəbul etmir. Çünki bu zaman Rusiyanın regiona və Ermənistana təsirinin artacağından qorxur”.
Məhəmməd Əsədullazadə
Politoloqun sözlərinə görə, Zəngəzur dəhlizinin açılması sülh müqaviləsindən sonraya saxlanıldı:
“Ümumiyyətlə, Azərbaycan üçün Naxçıvanla maneəsiz hərəkətin təmin olunması vacibdir. Zəngəzur dəhlizi əvəzinə alternativ yoldan da istifadə edilə bilər. Lakin bu gün Zəngəzur dəhlizinin açılması Ermənistan başda olmaqla bir çox dövlət üçün olduqca əhəmiyyətlidir. Zəngəzur dəhlizi bölgənin, daha geniş anlamda isə regionun iqtisadi inkişafında lokomotiv rolunu oynaya bilər. Eyni zamanda Zəngəzur dəhlizinin açılması ilə Orta Dəhlizin dəmir yolu və avtomobil yolu ilə yükdaşıma qabiliyyəti artacaq ki, bu da Şərq-Qərb ticarətinin artmasına müsbət töhfə verəcək. Lakin rəsmi İrəvan Qərbin göstərişlərini yerinə yetirir və Cənubi Qafqazda Rusiyanın növbəti dəfə geosiyasi maraqlarını sabotaj edir. Bu səbəbdən gələcəkdə Moskvanın İrəvana sanksiya tətbiq etməsi, onu cəzalandırması istisna deyil. Digər tərəfdən Qərbə meyl edən və ərazisindən rus hərbçilərini çıxarılmasında maraqlı olan Ermənistan Baş naziri Nikol Paşinyan sonrakı fəaliyyətində də anti-Rusiya siyasətini davam etdirəcək. Bu da iki ölkə – Rusiya və Ermənistan arasında münasibətlərin hələ bir müddət də gərgin qalacağından xəbər verir”.
Safura Bənnayeva
Globalinfo.az