Rusiya dağıdıcı hücuma başladı – Bu dəfə fərqli istiqamətdən…

“Müharibədən əvvəl Rusiya rəsmiləri 3-4 gün ərzində Kiyevə daxil ola biləcəklərini iddia edirdilər, amma bu baş vermədi. Rusiyanın döyüş meydanındakı real nailiyyəti ambisiyalarından qat-qat azdır”.

Bu sözləri Globalinfo.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov Ukrayna müharibəsinin ikinci mərhələsinin başlaması və artıq Rusiyanın PUA-lardan daha aktiv istifadə etməsinin savaşın taleyinə təsirləri haqda danışarkən deyib.

O deyib ki, savaşın ikinci fazasında zaman Rusiyanın əleyhinə işləyir:

“Vaşinqton və müttəfiqləri Ukraynanın taleyini deyil, öz maraqlarını düşünürlər. Bir qədər əvvəl ABŞ kəşfiyyatı qarşıdakı 6 ayın müharibənin taleyi üçün həlledici olacağını bildirmişdi. Ukraynanın Müdafiə və Təhlükəsizlik Şurasının sədri Aleksey Danilov isə bu müddətin 2 ay olacağını demişdi.

Almaniya, Polşa, Britaniya kimi ölkələr Ukraynanı müasir tanklarla təmin edirlər, lakin onların istifadə edilməsi üçün ilk olaraq ukraynalı hərbçilərə təlim keçirilməlidir. Tankların çatdırılması və təlim müddəti isə təxminən 1-2 ay çəkəcək. Həmin tanklar Ukraynaya təhvil verildikdən sonra müharibənin dönüş nöqtəsi ola bilər. Burada zaman Moskvanın əleyhinə, Kiyevin isə lehinə işləyir. Rusiya tələsir, bunun səbəbi isə məhz o tankların tədarükü ilə bağlıdır. Kreml çalışır ki, o vaxta kimi ciddi strateji üstünlüklər qazansın”.

K.Novruzov Rusiyanın PUA-lardan daha aktiv istifadə etməsinin müharibəyə təsirlərindən də danışıb:

“Bunun Rusiyanın daha geniş əraziləri nəzarətə götürəcəyinə zəmin yaradacağını düşünmürəm. Əksinə, bu il Ukraynanın xeyrinə həlledici dönüşlər olacaq. Bu, Rusiyanın parçalanacağı, süquta edəcəyi mənasına gəlmir. Amma ölkə daxilində hakimiyyət çevrilişi ola bilər. Sadəcə, Ukrayna bir az da tab gətirməlidir. Bunun üçün isə Zelenski xüsusilə ABŞ Prezidenti Co Baydenlə dil tapmalı, dəstəyin davamlılığına nail olmalıdır”.

Ayşən Mustafa
Globalinfo.az