Rusiya da Laçın yolunun açılmasını istəyir, amma… – Şərh

“Bölgədə son proseslər bütün mübarizənin Laçın yolu üzərində aparıldığını göstərir və bölgədə maraqlı güclər də bu məsələ üzərindən hərəkət edir”.

Bu sözləri Globalinfo.az-a siyasi şərhçi Asif Nərimanlı deyib.

Onun sözlərinə görə, Rusiya bu prosesdə Qərbi qabaqladı, çünki Qərb ölkələri Laçın yolunun birtərəfli qaydada açılması tələbi ilə çıxış edir, bununla bağlı ermənilərin kampaniyasına dəstək verirdi, xüsusilə Fransa bu prosesə rəhbərlik edir:

“Rusiya da Laçın yolunun açılmasını istəyir, amma anladılar ki, bu, yalnız ikitərəfli qaydada mümkün ola bilər, yəni rəsmi Bakının Ağdam-Xankəndi yolu ilə bağlı tələbi yerinə yetirildiyi halda nəticə əldə edə bilərlər. Bu o demək deyil ki, Rusiya könüllü şəkildə buna razılaşdı, xeyr.

Asif Nərimanlı

Əslində Azərbaycanın yaratdığı yeni şərtlər onları buna məcbur edir. Qərb sonradan bu məsələ üzərinə gəldi, halbuki Ağdam-Xankəndi və Laçın yolunun paralel açılması ilk dəfə Avropa İttifaqı tərəfindən qəbul edilib, sadəcə Fransanın Brüsseli qabaqlamaq cəhdləri Aİ-ni, ümumilikdə Qərbi geriyə atdı, nəticədə Rusiya ön plana çıxdı. Hazırda Brüssel və Vaşinqton yolların paralel açılması mövqeyini dəstəkləyir, amma Rusiyanın bölgədə praktiki iştirakçılığı üstün olduğu üçün dəyişən balansı dəyişdirmək onlar üçün çətindir. Fikrimcə, Qarabağdakı qondarma “seçkilərin” tanınmamasına dair Qərb ölkələrinin sərgilədiyi mövqe həm də bu prosesdə Bakının dəstəyini əldə etmək məqsədi daşıyır. Bütün bu prosesdə təbii ki, qazanan əsas tərəf Azərbaycandır. Rəsmi Bakının region üzərindəki geosiyasi qarşıdurmanı doğru idarə etdiyi müşahidə edilir. İndi elə bir vəziyyət yaranıb ki, hər iki tərəf – Qərb və Rusiya bölgədə önə çıxmaq üçün Azərbaycana daha çox güzəşt etməyə çalışırlar”.

Turan Rzayev
Globalinfo.az