Rusiya neft emalı zavodlarında yaranan problemlər fonunda ilk dəfə Hindistandan benzin idxal etməyə başlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “İndia24” nəşri məlumat yayıb. Qeyd olunur ki, Hindistanın Vadinar neft emalı zavodunda istehsal olunan təxminən 42 min ton benzin Rusiyaya göndərilir.
Bu addım ölkədə yanacaq təminatında yaranan çətinliklərin aradan qaldırılmasına hesablanıb. Maraqlısı isə odur ki, Vadinar zavodunun 49 faizi Rusiyanın dövlət neft şirkəti “Rosneft”ə məxsusdur. Zavodun emal etdiyi xam neftin böyük hissəsi də Rusiyadan tədarük olunur.
Beləliklə, Rusiya nefti əvvəlcə Hindistana göndərilir, burada emal edilərək benzinə çevrilir, daha sonra isə hazır məhsul yenidən Rusiyaya ixrac olunur. Bu proses ölkənin daxili bazarında yaranan yanacaq çatışmazlığının aradan qaldırılması üçün tətbiq edilən qeyri-adi həll yolu kimi qiymətləndirilir.
Tahir Turan
Globalinfo.az