Rusiya buna görə aranı qatır: izlər Kremlə aparır – İddia

Azərbaycanda Rusiya ilə bağlı yenidən əks təbliğat başlayıb. Rəsmi kurs, media, sosial şəbəkə Azərbaycana qarşı təxribatın, qərəzli siyasətin Avropadan (AŞPA, Aİ) gəldiyini deyir. Amma Rusiya və Prezident Vladimir Putin tənqid edilir.

Bəs, Kremlin proseslərdəki yeri nədən ibarətdir? Sosial şəbəkələrdəki antirusiya ritorikasının səbəbi nədir?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, sosial şəbəkələrdə yenidən antirusiya abu-havasının yüksəlməsi səbəbsiz deyil:

Qabil Hüseynli

“Rusiya açıq-aşkar Azərbaycanın daxili işlərinə müdaxilə etməyə çalışır. Söhbət Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinin TASS agentliyinə müsahibəsində sülhməramlılar və Qarabağı öz istəyi ilə tərk edən ermənilər barədə dediklərindən gedir. Bundan başqa Kreml sülhməramlıların Azərbaycanda qalması ilə bağlı açıqlamalar verir. Bütün bunlar da öz növbəsində sosial şəbəkələrə yansıyır.

Hesab edirəm, dünən Azərbaycan-Ermənistan şərti dövlət sərhədində baş verənlər Rusiyanın əməlləridir. Rusiya bölgədəki Qarabağ klanını hərəkətə gətirir, “5-ci kolon” vasitəsilə Cənubi Qafqazı qarışdırmaq istəyir.

Bu gün Ermənistan siyasi və hərbi elitası daxilində Rusiya sadiq qüvvələrin olması sirr deyil. Kreml bu qüvvələr vasitəsilə şərti dövlət sərhədində gərginliyi artırır. Diqqətçəkən məqam isə insidentin Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının pezidenti Şarl Mişelin xahişi ilə Brüsseldə aparılacaq sülh danışıqlarına gedəcəyini bildirdiyi bir vaxtda baş verməsidir. Fikrimcə, buna görə Rusiya aranı qarışdırıb, Brüssel danışıqlarının keçirilməsinə əngəl törətmək istəyir”.

Turan Rzayev
Globalinfo.az