“Rusiya-Ukrayna müharibəsi gərgin mərhələyə qədəm qoyub. ABŞ-da keçiriləcək prezident seçkiləri ərəfəsində bu, gözlənilən idi.
Bunu Globalinfo.az-a açıqlamasında siyasi şərhçi Əli Zülfüqaroğlu deyib.
Onun sözlərinə görə, həm ABŞ, həm də Ukrayna seçki öncəsi divident əldə etməyə çalışır:
“Rusiyanın məğlubiyyəti görüntüsü yaratmaqla yanaşı, prosesi bu ölkənin daxilinə daşımaq istəyirlər. Moskvada törədilən terror aktlarında da hədəf ölkəni daxildən sarsıtmaqdır. Yəni Ukraynanın Kursk həmləsinin məqsədi Rusiyanı sülhə, yaxud ərazi mübadiləsinə məcbur etmək deyil.
Əli Zülfüqaroğlu
Hazırda münaqişə bölgəsində vəziyyət qeyri-müəyyəndir. Amma istənilən halda real mənzərə ondan ibarətdir ki, Rusiya Ukraynanın indiki hakimiyyəti ilə danışıqlara getməyəcək. Qarşılıqlı şərtləri nə Moskva, nə də Kiyev qəbul edir. Bu da Qərbin maraqlarına tamamilə uyğundur.
Onu da əlavə edək ki, Rusiya Kurskdakı vəziyyətlə, yəni Ukraynanın üstünlük əldə etməsi görüntüsü ilə barışmayacaq. Buna görə də yaxın perspektivdə güclü əks-həmlənin şahidi ola bilərik”.
Qeyd edək ki, ABŞ-da prezident seçkiləri noyabr ayında keçiriləcək.
Turan Rzayev
Globalinfo.az