Rusiya Brüssel görüşü ilə bağlı bəyanat yaydı

Rusiya Xarici İşlər Nazirliyi Ermənistan-ABŞ-Aİ görüşü barədə açıqlama yayıb.

Globalinfo.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir:

“Biz 2024-cü il aprelin 5-də Brüsseldə baş tutan Ermənistan-ABŞ-Aİ formatında yüksək səviyyəli görüşü kollektiv Qərbin Cənubi Qafqazı geosiyasi qarşıdurmaya çəkmək üçün növbəti cəhdi kimi qiymətləndiririk. Qeyri-regional qüvvələrin Cənubi Qafqazın işlərinə məsuliyyətsiz və dağıdıcı müdaxiləsi, region ölkələri ilə onların qonşuları arasında nifaq salmaq istəyi regionda sabitlik, təhlükəsizlik və iqtisadi inkişaf üçün mənfi nəticələnə, regionda yeni gərginliyin idarəolunmaz səviyyəyə çatmasına yol aça bilər. Görünən odur ki, Qərb Ermənistanı Cənubi Qafqazda son dərəcə təhlükəli planlarının həyata keçirilməsi üçün alətə çevirmək istəyir. Biz bilirik ki, Vaşinqton və Brüssel müvəqqəti vədlər altında Ermənistanın KTMT və Aİİ-dən çıxmasına, Rusiya hərbi bazası və sərhədçilərinin ölkədən çıxarılmasına can atır. Biz İrəvan rəhbərliyini Qərbin Ermənistanı yanlış yola yönəltməsinə imkan verməməyə çağırırıq. Brüsseldə elan edilən qrant dəstəyi Ermənistanın Moskva ilə qarşılıqlı fəaliyyətindən, Aİİ və MDB çərçivəsində əldə etdiyi çoxmilyardlı gəlirlərdən üstün ola bilməz”.

“Qərb həmçinin Ermənistan-Azərbaycan normallaşmasının fundamental əsasını – Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 2020-2022-ci illər üçün nəqliyyat və iqtisadi əlaqələrin qarşısının alınması, sərhədin delimitasiyası üzrə tədbirləri nəzərdə tutan üçtərəfli bəyanatlar toplusunu məhv etmək cəhdlərindən əl çəkmir. Məhz Vaşinqton və Brüsselin təzyiqi ilə rəsmi İrəvan bu sazişlərin icrasını dayandırdı. Ancaq Moskva Azərbaycan və Ermənistan arasında çoxdan gözlənilən sülhə nail olmaq üçün hər cür kömək etməyə hazırdır. Cənubi Qafqazda həm regional, həm də ikitərəfli xarakter daşıyan problemli məsələlər 2023-cü il oktyabrın 23-də Tehranda keçirilən “3+3” Məşvərət Platformasının ikinci iclasında razılaşdırılan “regional məsuliyyət” prinsipinə uyğun olaraq həllini tapmalıdır. Ermənistan da onun iştirakçısı idi. Biz kənar oyunçuları bu razılaşmalara hörmətlə yanaşmağa, İrəvandakı hakimiyyəti isə öz xarici siyasət xəttini qurarkən qonşu dövlətlərin narahatlığını nəzərə almağa çağırırıq”, – bəyanatda deyilir.

Əliyar Xəlil
Globalinfo.az