Rusiya böyük planı işə salır: Xarkovun taleyi həll olur

Rusiya son gülər Xarkovun kritik infrastrukturuna zərbələr endirir. Ümumiyyətlə Kremlin son zamanlar bu istiqamətlərdə hərbi qüvvə cəmləməsi yeni planın olduğunu göstərir. Bəzi ekspertlər hesab edir ki, Ukrayna vaxtında lazımi tədbirlər görməsə, Xarkovu itirə bilər.

Globalinfo.az-a danışan siyasi şərhçi Aqşin Kərimov deyib ki, Rusiya Donetsk və Luqansk vilayətlərindən Xarkov oxuna doğru əhəmiyyətli irəliləyiş əldə etmək istəyir:

“Ukraynanın qüvvələri hazırda dağınıq vəziyyətdədir. Rusiya bu qüvvələri daha da dağıdaraq əlavə cəbhələrə bölüşdürməyə çalışır. Bununla Rusiya rəqibinin müdafiəsini zəiflədib, daha effektiv hücum təşkil etmək istəyir.

Ukrayna təkcə hava hücumundan müdafiə sistemlərinin qıtlığından əziyyət çəkmir. Kiyev eyni zamanda orduda şəxsi heyət çatışmazlığı, müdafiə imkanlarını gücləndirəcək digər silahların azlığı ilə üzləşib.

Hərçənd, ABŞ Ukraynanın mövcud hava hücumundan müdafiə imkanlarını gücləndirmək üçün fövqəladə səylər göstərir, amma bunlar Ukraynanı Rusiyanın zərbələrindən qorumaq üçün yetərli deyil.

Proqnozlaşdırmaq olar ki, əgər Ukrayna cəbhənin qeyd olunan istiqamətində müqavimət göstərə bilməsə, onda Rusiya Xarkov şəhərini ələ keçirmək üçün əməliyyat dinamikasını daha da gücləndirəcək.

Rusiyanın hücumları davamlı və intensiv olacaqsa, Ukraynanın hərbi resurslar baxımından durumu gərginləşəcək və Rusiya qüvvələri ilə təmas xətlərinin yerləri Kiyevin zərərinə dəyişəcək”.

Turan Rzayev
Globalinfo.az