Oktyabrın 30-da Rusiyanın Sankt-Peterburq şəhərində azərbaycanlı ailənin toy mərasiminə OMON basqın edib. Bütün bunların 18 yaşlı Azərbaycan əsilli Rusiya vətəndaşı Tural Məmmədova görə baş verdiyi deyilir.
Məlumata görə, Sankt-Peterburqun İstintaq Komitəsi onu cinayətkar elan edib və Azərbaycandan geri tələb edir. Rusiyada son illər azərbaycanlılara qarşı belə kobudluq, ayrı-seçkilik olmazdı. Maraqlıdır, nə baş verdi ki, vəziyyət kəskinləşdi?
Mövzunu Globalinfo.az-a şərh edən politoloq Əhəd Məmmədli baş verən hadisənin dövlət səviyyəsində olmadığını düşündüyünü qeyd edib. Onun sözlərinə görə, hazırda Azərbaycan-Rusiya münasibətləri yaxşı səviyyədədir:
Əhəd Məmmədli
“Fikrimcə, münasibətləri mümkün qədər inkişaf etdirmək lazımdır. Bildiyimiz kimi, Rusiya-Ermənistan münasibətləri kəskinləşib. Ona görə də, Azərbaycan bundan məharətlə istifadə etməlidir, nəinki münasibətləri pozmağa çalışmalıdır. Anlayıram, toya basqın edilib. Lakin belə bir hadisənin Azərbaycan dövlətinə qarşı olduğuna inanmıram. Sadəcə, kimlərsə istəyir ki, Azərbaycan Rusiya və İranla savaşsın, Amerika və Avropanın arxasınca qaçsın. Bunun üçün də məsələni bu dərəcədə şişirdirlər”.
Politoloq toya basqın etmənin doğru addım olmadığını bildirib:
“Əgər sən kimisə həbs etmək istəyirsənsə, bunu toya basqın etməklə həyata keçirməməlisən. Amma məsələnin kriminal tərəfini də araşdırmalıyıq. Fikrimcə, məsələyə bizim prokurorluq münasibət bildirməlidir. Hə, ondan sonra dəqiq bir fikir söyləmək olar. Kriminal məsələdə bilgim olmadığı üçün konkret hansısa dövləti ittiham etməyim doğru olmaz. Ona görə də, aidiyyəti qurum bununla bağlı rəsmi açıqlama verərsə, daha düzgün və obyektiv cavab verə biləcəyimizi düşünürəm”.
Zaira Akifqızı
Globalinfo.az