Rusiya-Avropa savaşı başlayır? – “Gələn il siyasi fırtına olacaq”

Avropa kəşfiyyat xidmətlərindən biri məlumat yayıb ki, Rusiya 2024/25-ci ilin qışında Avropaya hücum etməyə cəhd göstərə bilər. Moskvanın məhz ABŞ-ın “lidersiz” qaldığı anda Avropaya zərbə vura biləcəyi iddia edilib.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Tural İsmayılov qeyd etdi ki, Rusiyanın Ukrayna ilə apardığı savaşda ciddi irəliləyiş əldə olunmayıb:

“Bu halda Rusiyanın Qərbdə yeni müharibə ocaqları yaratmaqda maraqlı olacağını düşünmürəm. Rəsmi Moskvanın sərhədlərinə bilavasitə yaxın olan Finlandiyanın NATO-ya üzvlüyünün ardınca İsveçin də üzvlüyü məsələsinin müzakirə edilməsi səbəbindən, həmçinin Polşa, Litva və Estoniya kimi ölkələrin Rusiyanın təhdidlərindən çəkingənlik var”.

Politoloqun fikrincə, NATO-nun Şərqə doğru genişlənmə strategiyasında Şimali Avropa və Pribaltika ölkələri həssas, kilid nöqtələrdən birini təmsil edir:

Tural İsmayılov

“Rusiya bu addımı özünün dövlətçilik sütunları üçün təhdid hesab edir. Lakin rəsmi Moskvanın hazırkı gücü ilə Avropaya hücumunun qeyri-real olduğunu düşünürəm.

Gələn il dünyada seçki fırtınası yaşanacaq. 70-dən çox ölkədə, siyasi strukturlarda seçkilər ərəfəsidir. Ciddi dəyişikliklərin olacağı proqnozlaşdırılır. Rusiyanın özü də seçkilər ilinə daxil olur. İnandırıcı deyil ki, seçkilər və Ukrayna müharibəsinin davam etməsi fonunda rəsmi Moskva yeni savaş ocaqları formalaşdıra bilsin”.

Safura Bənnayeva
Globalinfo.az