Ordumuz Qarabağda rus hərbçilərinin bacarmadığını etdi

Qarabağdakı Rusiya sülhməramlılarının bəzi postlarını ləğv etməsi kontingentin taleyi ilə bağlı müxtəlif sualların yaranmasına səbəb olub.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Züriyə Qarayeva deyib ki, antiterror tədbirlərindən sonra yaranan yeni reallıqlardan biri də sülhməramlı qüvvələrin çıxarılması ehtiyacıdır:

“Sülhməramlılarının bölgəyə yerləşdirilmə səbəbi separatçı qüvvələrin tərk-silah olunmasına dəstək vermək, qanunsuz erməni hərbi birləşmələrinin Qarabağı tərk etməsi prosesini intensivləşdirmək və sonrakı periodda mülki insanların təhlükəsiz şəraitdə köçürülməsinə şərait yaratmaqdır.

Təxribatların qarşısının alınması da əsas missiyalardan biri idi. Lakin 3 il ərzində baş verənlər göstərdi ki, bunların heç biri olmadı, əksinə separatçıların sayı və qüvvəsi artırıldı, təxribatlar intensivləşdi. Humanitar təyinatla qarşı tərəfin istifadəsinə verilmiş Laçın yolu qanunsuz avadanlıqların, minaların daşınması üçün tranzitə çevrildi. Son illərin istehsalı olan minaların, başqa ölkələrdən gəlmiş diversiya qruplarının aşkarlanması Laçında nəzarət-buraxılış məntəqəsinin qurulmasına səbəb oldu.

Züriyə Qarayeva

Lakin bu da qarşı tərəfin təxribatlarını azaltmadı və nəticədə antiterror tədbirləri keçirildi. Bu, mahiyyət etibarilə sülhməramlıların öhdəliklərinin Azərbaycan ordusu tərəfindən yerinə yetirilməsi idi. Odur ki, hazırda onların Qarabağda var olması üçün heç bir səbəb yoxdur. Düşünürəm ki, bu barədə tərəflər arasında razılıq əldə olunub. 2024-cü ildə Qarabağdan sülhməramlı kontingentin olmayacağını ehtimal etmək olar”.

Turan Rzayev
Globalinfo.az