Rus sülhməramlıların yeni komandiri kimdir? – Volkov getdi, o gəldi / YENİLƏNDİ

Rusiya hakimiyyəti Qarabağda müvəqqəti yerləşdirilmiş sülhməramlıların komandanı, general-mayor Andrey Volkovu vəzifəsindən geri çağırmaq barədə qərar qəbul edib.

Globalinfo.az xəbər verir ki, məlumata görə, onu general-polkovnik Aleksandr Lentsov əvəz edib.

*** 14:57

Rusiya sülhməramlıların komandanı dəyişir.

Globalinfo.az Konkret.az-a istinadən xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

“Əldə etdiyimiz məlumata görə, Rusiya hakimiyyəti Qarabağdakı Rusiya sülhməramlılarının komandiri Aleksandr Volkovu başqa bir şəxslə əvəzləyərək geri çağırmaq qərarına gəlib.

Yeni komandir rütbəcə general-polkovnikdir, Rusiya müharibələrində iştirak etmiş mahir hərbçidir. O, Rusiya Müdafiə Nazirliyində iradəli keyfiyyətləri ilə tanınır. Yeni komandan Rusiyanın müdafiə naziri Sergey Şoyqunun ən etibarlı adamlarından biridir, onunla uzun illər çalışıb. Deyilənə görə, vəziyyəti nizamlamağa gəlir.

Bu dəyişiklik o deməkdir ki, Rusiya tərəfi Volkovun fəaliyyətindən narazıdır. Ona görə də onlar daha təcrübəli, həm də daha yüksək statusa və əlaqələrə malik olan şəxsi gətirmək qərarına gəliblər.

Əldə etdiyimiz məlumata görə, yeni komandirə Azərbaycanın “qarşısını almaq” və yenidən nəzarəti ələ keçirmək tapşırılıb. Bizə Rusiya mənbələrindən bildirdilər ki, yeni komandirə Qarabağ yolunun normal işləməsinin Rusiya Federasiyası üçün qırmızı xətt olduğunu və yolda yerləşdirilən nəzarət-buraxılış məntəqəsinə müstəsna olaraq Rusiya hərbçiləri tərəfindən nəzarət edilməli olduğu bildirilib.

Qarabağdan öyrəndik ki, Aleksandr Volkov artıq getməyə hazırlaşır. Güman edilir ki, yeni komandir yaxın günlərdə gələcək və artıq yoldadır”, – deyə media yazıb.