“Cəhənnəmə oyna! İstəmirəm səni!” – Azdramdakı davanın gizlinləri

“Akademik Milli Dram Teatrından könüllü şəkildə ərizə yazaraq çıxmışam”.

Bu sözləri Globalinfo.az-a müğənni Roza Zərgərlinin oğlu, aktyor Corc Qafarov işdən ayrılması haqda danışarkən deyib.

O, teatrın bədii rəhbəri Mehriban Ələkbərzadə ilə aralarında yaşanan mübahisəyə aydınlıq gətirib:

“O xanım tək mənimlə yox, ümumiyyətlə, teatrda az qala bütün aktyorlarla kobud davranır, alçaldıcı sözlər deyir. Bunu daha çox məşq vaxtı müşahidə etmək olur. O, aktyorlarla hörmət çərçivəsində davranmır. İşdən ayrılma səbəbim isə oynamaq istəmədiyim obraz oldu. Mənə tamaşada “Manqurt” obrazını oynamaq həvalə olunmuşdu. Düzdür, başqa tamaşada eyni obrazı canlandırıram, amma burada içimdən gəlmədi. M.Ələkbərzadəyə məşq zamanı dedim ki, bu obraz mənə yapışmır, içimdən gəlmir bunu oynamaq. Mənə dedi ki, cəhənnəmə oyna, gora oyna, mən də səni istəmirəm. Bundan sonra dedi ki, ərizəni yaz, işdən çıx. Mən də sakit şəkildə ərizəmi yazıb, çıxdım”.

Akademik Milli Dram Teatrının bədii rəhbəri Mehriban Ələkbərzadə Teleqraf.com-a bildirib ki, C.Qafarov bir neçə ay əvvəl işdən çıxıb:

“Aktyor işdən çıxması haqqında ərizədə maaş məsələsini, tamaşada oynamaq istəmədiyi rolların olduğunu və teatra gəlib-getməkdə çətinlik çəkdiyini səbəb göstərib”.

Zaira Akifqızı
Globalinfo.az