Rövşən Nəcəfə “qırmızı kart”: “Neftçi”ni bərbad günə qoyub, AFFA-da nə edəcək?!”

Azərbaycanda futbol sahəsi, xüsusilə də AFFA-nın fəaliyyəti illərdir tənqid edilir. Bu qurumdan gözləntilər özünü doğrultmur. Əsas rəy bundan ibarətdir ki, milyonlarla vəsait ayrılır, xaricdən oyunçular, məşqçilər alınır, amma Azərbaycanda futbol inkişaf etmir.

Hazırda Azərbaycan futbolunu dünyaya tanıda biləcək yeganə klub “Qarabağ”dır.

Görəsən, AFFA-nın sabiq prezidenti Rövnəq Abdullayevdən sonra gələn Rövşən Nəcəf ölkə futbolu üçün hansı yeniliklər edəcək? Onun Federasiyaya prezident seçilməsi ölkə futbolunu irəli aparacaqmı?

Mövzunu Globalinfo.az-a şərh edən deputat Aqil Abbas yeni rəhbərdən gözləntilərinin böyük olduğunu bildirib.

Aqil Abbas

Deputat deyib ki, rəhbərlik dəyişən zaman çalışdıqları sahəyə hansısa yeniliyi az da olsa gətirə bilirlər:

“Hər şeyi bundan sonra görəcəyik. Əgər islahatlara başlasa, uşaq futbolunu inkişaf etdirsə, stadiondakı süni ot örtüklərini təbii otla əvəzləsə, yeni stadionlar tikdirsə, demək, doğrudan da futbol üçün nəsə etməyə çalışacaq. İslahatlar aparmasa, “köhnə hamam, köhnə tas” olaraq da qalacaq. İddia etmirəm, bu işlər bir aya həll olunmalıdır, lakin addım atmaq lazımdır. İstərdim ki, yeni rəhbərin gəlişi ölkə futbolunun yeni başlanğıcı olsun”.

Tanınmış idman jurnalisti Natiq Muxtarlının sözlərinə görə, Rövnəq Abdullayevin gedəcəyi bəlli olduqdan sonra cəmiyyətdə inam yaranmışdı ki, futbol sahəsi peşəkarlara həvalə olunacaq və intibah dövrü başlayacaq:

Oxu.az - “Kral”ın praqmatik siyasəti

Natiq Muxtarlı

“Aydın idi ki, tendensiya dəyişmədi. AFFA-nın yeni prezidenti SOCAR rəhbəri oldu. Üstəlik, AFFA-ya rəhbər elə həmişə “Neftçi”dən gəlib. Yəni “Neftçi”nin rəhbəri olmaq AFFA prezidenti olmaq üçün tramplindir. Buna görə də Rövşən Nəcəf bir müddət “Neftçi”də işlədi. Bəs cəmiyyət bu müddətdə nəyə şahidlik etdi? Aydın oldu ki, Rövşən Nəcəf futbol təsərrüfatını idarə etmək üçün peşəkar deyil. “Neftçi” onun dövründə bərbad duruma düşdü. Bunu reallaşdıran səbəblər isə səhv məşqçi və kadr seçimi idi. İndi cəmiyyət ona görə narahatdır ki, “Neftçi”də uğurlu idarəçi ola bilməyən R.Nəcəf daha nəhəng futbol təsərrüfatında nəyəsə nail ola bilməyəcək. Üstəlik, onun komandası – AFFA İcraiyyə Komitəsinin üzvləri də futbol sahəsinə yad adamlardır. Onların hər birinin başqa sahədə yüksək vəzifələri var. Yəni aydındır ki, bu şəxslərin futbola ayıracağı vaxt olmayacaq”.

N.Muxtarlı Azərbaycan futbolunun hazırkı vəziyyəti haqda danışıb:

“Azərbaycan futbolu indi elə durumdadır ki, burada gecə-gündüz çalışmaq, rayon-rayon yox, kənd-kənd, məhəllə-məhəllə gəzmək lazımdır. İnfrastruktur qurulmalı, kadr yetişdirilməlidir. Bütün bunları kim edəcək? Rövnəq Abdullayev ildə bir dəfə AFFA-ya gəlirdi. Belə görünür ki, Rövşən Nəcəf və kadrları da ildə bir dəfə – iclasdan-iclasa AFFA-ya gələcəklər. Bəs futbol necə inkişaf edəcək? Strategiyanı, konsepsiyanı kimlər hazırlayacaq, onları kimlər həyata keçirəcək? Bütün bunlar hamısı qaranlıq suallardır. Ona görə də cəmiyyət yeni rəhbərliklə bağlı nikbin düşünmür. Amma bütün hallarda, ən azı 100 gün gözləyək. Görək, yeni rəhbərliyin planı nədir, nədən başlamaq istəyirlər. Bəlkə, heç işləmək niyyətləri yoxdur, eləcə köhnələr kimi olmağı düşünürlər. Hər halda, yüz gündən sonra bəzi suallara cavab tapmaq mümkün olacaq. İndiki halda isə müsbət nəsə demək mümkünsüzdür. Ən azı bu şəxslər seçkidən əvvəl konsepsiyalarını açıqlasaydılar, müəyyən fikir bildirmək olardı. Görünür, konsepsiya yoxdur. Onu yazan olacaqmı? Yazmaq bir tərəfə, həyata keçirəcək kadrlar necə, onları haradan tapacaqlar?

Bir sözlə, futbolumuzun gələcəyi hələ ki, qeyri-müəyyəndir, sevinmək üçün əsas yoxdur”.

Zaira Akifqızı
Globalinfo.az