Rövşanəni qınağa tuş gətirən həmin video – aparıcı açıqlama verdi, bunları dedi YENİLƏNİB/VİDEO

Tanınmış teleaparıcı Rövşanə Ağasəfqızı bu günlərdə dediyi bir fikirlə gündəm olub.

Globalinfo.az xəbər verir ki, o, İTV-nin “Sabaha saxlamayaq” tok-şousunda son günlər böyük həssaslıqla yanaşılan mövzuya toxunub. Teleaparıcı kənddən paytaxta kütləvi şəkildə gələn insanlar haqda danışarkən, bu köçün şəhər mədəniyyətinə mənfi təsir etdiyini bildirib.

Rövşanə Ağasəfqızı deyib ki, şəhər mədəniyyətini təhsil, intellekt təşkil edir:

“Rayonda qadınlar gəlir xidmətçi işləməyə, dayə işləməyə, biz onlarla hansı şəhər mədəniyyətini formalaşdırcağıq?!”. Onun bu sözləri zalda əyləşən iştirakçılar tərəfindən alqışla qarşılanıb.

Aparıcı bu vəziyyətin ortaya çıxmasında təhsilsizliyi göstərib: “Bu gün təhsil bərbad gündədir, bunu net deyirəm”.

R.Ağasəfqızının bu fikirləri sosial şəbəkələrdə ciddi müzakirə edilib. Aparıcını buna görə sərt formada tənqid ediblər.

14:35

“Mən orada qınaq atəşinə tutulası bir söz deməmişəm. Sadəcə, saytların manşetə çıxardıqları başlıq tamam yanlışdır. Dediyim odur ki, şəhər mühitini nə kəndli, nə şəhərli formalaşdırır. Şəhər mühitini beyin, intellekt, savad formalaşdırır”.

Bu sözləri Globalinfo.az-a açıqlamasında jurnalist Rövşanə Ağasəfqızı deyib.

O bildirib ki, daha əvvəllər rayonlardan paytaxta təhsil almaq üçün gələrdilər, bu gün ehtiyac üzündən gəlirlər:

“Hər birimiz yaxşı bilirik ki, kənd yerlərində demək olar iş yoxdur. Əgər rayonlarda yetərincə iş olsa, insanlar Bakıya üz tutmaz! Oturar doğulub, boya-başa çatdığı rayonda, rahat işini işləyər. Əvvəlki mühit yoxdur. İnsanlar işdən vaxt tapıb teatra gedə bilmir. Əlbəttə, təhsil almaq üçün gələnlər bu gün də var”.

Jurnalist saytları yanlış başlıq yazmaqda günahlandırıb:

“Başlığı xəbərə uyğun yazmırlar. Çox adam da xəbərin içini oxumadan başlığa baxıb hər sözü yazır. Mən axı orada pis bir söz deməmişəm. İstər şəhərli, istərsə də kəndli – hər kəs çalışıb təhsil almalıdır. Amma kənd yerlərində insanların sosial durumu yaxşı olmadığı üçün məcbur qalıb gəlirlər şəhərdə dayə, xadimə, satıcı və digər işlərdə işləməyə. Sosial durum aşağı olanda oxumaq kimin yadına düşür? Əlbəttə heç kimin! Artıq xaricə təhsil almaq üçün gedən bəzi gənclərimiz də ölkəyə qayıtmaq istəmir”.

R.Ağasəfqızı bildirib ki, Bakıda yaşayanların hamısı şəhərli deyil:

“Bakılı dediklərimizin hamısı şəhərlidir bəyəm? Bakının nə qədər kəndi var. Onlardan soruşan zaman demirlər ki, Nardaran və ya Zirə şəhəri. Deyirlər, filan kənddənik. Mən şəhərli-kəndli söhbəti etmirəm. Yenə də deyirəm: yazıq rayon camaatı məcburiyyətdən gəlir Bakıya”.

Zaira Akifqızı

Globalinfo.az

Globalinfo.az sözügedən verilişdən həmin hissənin videosunu təqdim edir: