1988-ci ilin fevralından başlayaraq Xankəndi şəhərində yerləşən Xankəndi Pedaqoji İnstitutunda müəllim işləyən azı 17 pedaqoji işçi, habelə ali təhsil alan azı 17 azərbaycanəsilli tələbə məhz azərbaycanlı olduqları üçün məcburi qaydada kütləvi şəkildə həmin institutdan qovulub.
Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə dövlət ittihamçısı Təranə Məmmədova sülh və insanlıq əleyhinə, müharibə və digər ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsində bildirib.
Qeyd edilib ki, 1988-ci il fevralın 20-də – Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycan SSR-in tərkibindən Ermənistan SSR-ə verilməsi haqqında qərarın çıxarılaraq SSRİ Ali Sovetinə göndərilməsindən cəmi bir gün sonra, yəni, 1988-ci il fevralın 21-də Əsgəran rayonu ərazisində odlu silahlarla aramsız atəşlər açılması nəticədə Xankəndi şəhərinin dinc mülki sakini Əhmədov Əhməd Bəhmən oğluna güllə yarası xəsarəti yetirilib.
1988-ci il iyulun 9-da milis orqanlarına daxil olmuş məlumat əsasında həmin ilin mart-aprel aylarında Xankəndi şəhərində yerləşən Kondensator zavodunda müxtəlif qurğular vasitəsilə kustar üsulla hazırlanmış silahlar və partlayıcı qurğular, habelə əl qumbaraları aşkar edilərək götürülüb.