Masazır gölü ilə bağlı görüntülər sosial şəbəkələrdə müzakirələrə və narazılığa səbəb olub. Belə ki, gölün yaxınlığındakı qəsəbələrin kanalizasiyasının ora töküldüyü iddia olunur. Məlumat üçün bildirək ki, “AzərDuz”, “Salute”, “Bizim Duz” və “Alfa” markalı duz məhz bu göldə emal olunur.
Məsələni dəqiqləşdirmək üçün Globalinfo.az “Azərsu” ASC-yə sorğu ünvanlayıb.
Qurumdan bildirilib ki, təxminən 4 il əvvəl Masazır gölündə layihə icra olunub və bura gələn su Sumqayıta yönəldilir:
“Videoda görünən isə köhnə su borusudur. Onun kanalizasiyaya aidiyyəti yoxdur”.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəis müavini Bəhruz Məhəmmədov məsələ ilə bağlı araşdırılmalara başladıldığını bildirib.
Abşeron Rayon İcra Hakimiyyətindən saytımıza verilən məlumata görə, bir neçə il öncə “Azərsu” ASC-yə kanalizasiya xəttinin çəkilməsi ilə bağlı müraciət ediblər.
Qeyd edək ki, “Azərsun Holdinq” və AQTA-dan zənglərimizə cavab verən olmadı.
Zaira Akifqızı
Globalinfo.az