Rəsmi qəzet yeni parkinq qaydalarını “yıxdı-sürüdü”

Rəsmi dövlət orqanı olan “Azərbaycan” qəzeti AYNA tərəfindən tətbiq olunan parkinq qaydaları ilə bağlı sərt tənqidi məqalə yayımlayıb.

Globalinfo.az “AYNA “parkinq”i göstərmir…” başlıqlı yazını təqdim edir:

Uzun zamandır paytaxtın əsas problemlərindən olan, avtomobil sürücülərinin daimi şikayətlərindən birinə çevrilən parkinq məsələsi həllini tapmışdı demişdik ki…

Bu məsələ tıxacın qarşısını bir az da olsa alar düşünürdük ki…

Ümidimiz yenə də ümid olaraq qaldı… 

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən paytaxtda parklanma məntəqələrinin yenidən qurularaq fəaliyyətə başlamasının bu sahədə illərdir mövcud olan problemlərin həllinə yardım edəcəyi də bildirilmişdi. Həqiqətən arzuolunmaz hal alan parklanma və dövlət büdcəsindən kütləvi yayınma halları, eləcə də digər nöqsanlar bu sahədə sistemli müdaxiləni və köklü dəyişikliklərin labüdlüyünü şərtləndirirdi. Bununla yanaşı, parklanma yerlərinin müəyyənləşməməsi avtomobillərin yolboyu qanunsuz və səliqəsiz şəkildə park edilməsinə gətirib çıxarırdı ki, bu da şəhərdə sıxlığın artmasına, nəticədə isə tıxaca səbəb olurdu.

İndi şəhərin mərkəzi küçələrində parklanma yerləri tapmaq mümkündür, həm də qiymətlər digər ölkələrlə müqayisədə əlçatandır. “Parkinq” sistemi 4 aydan çoxdur istifadəyə verilsə də, ilkin müşahidələr göstərir ki, yeni parklanma sistemində əsaslı irəliləyişlər olmasına baxmayaraq, köhnə çatışmazlıqlar qalmaqla bərabər, yeni problemlər də meydana gəlib…

Şəhərə avtomobili ilə çıxıb, kor-peşman evə qayıdanlar az olmur, hələ də istirahət günləri dediyimiz həftəsonlarında bu kimi halları yaşayanlar çoxdur. Məsələ isə yalnız “parkinq” yerlərinin azlığı deyil. Sonuncu ölən ümidlərdir deyib, parklanma yerlərinin sayının artacağına sonadək ümid edə bilərik. Amma bəs vətəndaş evinə qayıdanda bu problemlə rastlaşırsa, onda nə etsin?

“AYNA öz həyətindəki parklanma məntəqəsini fəaliyyətsiz sayırsa…”  

“Yaşadığım mənzilin 100 metrlik əhatə dairəsində 10-a yaxın parklanma məntəqəsi var. Binamızın həyətində isə 20004 nömrəli məntəqə işlək vəziyyətdədir. Fərdi parklanma talonu almaq üçün mobil tətbiq vasitəsilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə müraciət etdim. Həmin ünvan qeydiyyatda olduğum məntəqədir. Lakin müraciətimə “yaşadığınız ərazidə parklanma məntəqəsi yoxdur” deyərək, mənfi cavab verildi. AYNA-nın 104 saylı çağrı mərkəzinə isə 3 günlük davamlı zənglərimdən sonra (hər zəngimdə növbədə ən yaxşı halda 15-ci olduğum deyilirdi) düşə bildim və müraciətimi araşdıracaqlarına söz verdilər. Növbəti müraciətlərimə də laqeyd yanaşdılar və hər dəfə AYNA-dan heç bir nümayəndə ilə danışa bilməyəcəyimi dedilər. Uzun israrlardan sonra, nəhayət ki, bir əməkdaşla məni calaşdırdılar. O da mənə sübut etməyə çalışdı ki, sizin həyətdə parklanma məntəqəsi yoxdur. Sonra məlum oldu ki, agentlik parklanma məntəqələrinin qeydiyyatını düzgün aparmayıb və sistemə səhv salıb. Yəni prosesi tam başa çatdırmadan pul yığımına başlayıb. Məni narahat edən odur ki, yaşadığım mənzil Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi ilə eyni həyətdə, eyni küçədədir, bizim binalarımız arasında cəmi 10 metr məsafə var. Əgər AYNA öz həyətindəki hər gün onlarca avtomobildən ödəniş alan parklanma məntəqəsini fəaliyyətsiz sayırsa, paytaxtın ucsuz-bucaqsız ərazilərindəki “parkinq”lərə necə nəzarət edəcək?”

Əməkdaşımız İ.Hüseynlinin başına gələn bu əhvalat Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin yeni fəaliyyət sahəsi olan parklanma sistemi ilə bağlı çoxsaylı narazılıqlardan yalnız biridir.

İş olan yerdə problemlər olur deyirlər. Bəs problem işin başladığı ünvanda olarsa, onda necə?

Beləliklə, parklanma tariflərinin müəyyənləşməsi, yeni sistemin nə dərəcədə işlək olub-olması ilə bağlı suallarımızı ekspertə ünvanladıq.

Parklanma yerindən didərgin düşənlərin yaratdığı problemlər

Nəqliyyat eksperti Elməddin Muradlı qəzetimizə açıqlamasında bildirdi ki, parkinqlərin tariflərinin müəyyən olunmasından keçən müddətdə yeni parkinqlər yaradılıb. Bəzilərində yenilərinin yaradılması ilə bağlı təhlillər aparılır: “Rəsmi olaraq ödənişli parkinq yerlərində əməkdaşlar xidmət aparır, avtomobilini park edən sürücülərə qaydalar, mobil tətbiq üzərindən ödənişlərin necə həyata keçiriləcəyi izah edilir. Düzdür, bəzi nöqsanlar  mövcuddur. Bu baxımdan işlərin qısa müddətdə başa çatacağını demək düzgün olmaz, çünki bu sahədə problemlər var və görüləsi işlər çoxdur. Ən azından bu, bir yenilikdir və yeniliyin çətinlikləri və problemləri olur”.

E.Muradlı vətəndaşların ən çox narazı olduğu məqamlara da toxundu: “Ərazidə yaşayanlara güzəşt tətbiq olunsa da, bu güzəşt həmin yerdə işləyən şəxslərə şamil olunmur. Onlar  tariflərə uyğun ödəniş edirlər. Bunun başqa fəsadlarını da görürük. Parklanma yerlərindən didərgin düşən sürücülər maşınlarını binaların həyətlərində saxlayırlar. Bu da yaşayış binalarının həyətlərində ciddi problemlər yaradır. Sakinlər rahat hərəkət edə bilmir, hətta həmin binada yaşayanlar öz avtomobillərini saxlamağa yer tapmırlar”.

Müsahibimiz vurğuladı ki, vətəndaşları narazı salan məqamlara diqqət etmək lazımdır: “Bu gün yeni sistemin yaxşı tərəfi odur ki,  parkinqlərdə yer tapmaq mümkündür. Əvvəl kimsə maşını gətirib, axşama kimi yeri məşğul edirdi.  Amma indi heç kim saatı 1 manata, 70 qəpiyə maşın saxlamaq istəmir”.

Bəzi yerlərdə nağd ödənişlər tələb edən şəxslərin hələ də fəaliyyət göstərdiyini qeyd edən ekspert dedi ki, onları şəhərin mərkəzindən uzaqlaşdırdıqca, digər ərazilərə üz tuturlar. Əhalinin sıx yaşadığı məhəllələrdə, binaların həyətlərində belə peyda olmağa başlayıblar və vətəndaşlardan  pul tələb edirlər.

Ekspert qeyd etdi ki, nağdsız ödənişlərə keçid dövlət siyasətidir və bunun həyata keçirilməsi üçün sistemli tədbirlər görülüb. Bu gün parklanma sistemindən istifadə kimlər üçünsə çətinlik yarada bilər, amma zamanla öyrəşəcəklər. Vaxtilə avtobuslarda kart sistemi tətbiq ediləndə də bəziləri bundan narahat idi, amma indi hamı kart sisteminə üstünlük verir.

Ərazidə işləyənlərin günlük “parkinq” xərcləri etiraz doğurur

Mövzu ilə bağlı Milli Məclisin deputatı Naqif Həmzəyev qeyd etdi ki, “AzParking” tərəfindən parklanma xidmətinin təşkil edilməsi üçün mobil tətbiq hazırlanıb və onun vasitəsilə vətəndaşlar parklanma ilə əlaqədar bütün məsələləri asanlıqla həll edə bilirlər.

SMS vasitəsilə də ödəniş etmək mümkündür ki, bu da yaxşı haldır, çünki bəzi avtomobil sürücüləri smartfondan istifadə etmir və ya internetə çıxışları olmur: “Sürücüləri narahat edən əsas məsələ avtomobili uzunmüddətli park etdikləri halda qiymətlərin yuxarı olmasıdır. Çünki bir saat üçün 1 manat qəbulediləndirsə, 8 saatın ödənişi üçün belə deyil. Bu da sürücülərin haqlı etirazına səbəb olur”.

N.Həmzəyevin problemin həlli ilə bağlı müəyyən təklifləri də var. Vətəndaş avtomobilini eyni yerdə saatlarla saxladığı halda müəyyən endirim və ya güzəştli qiymətlər tətbiq oluna bilər. Belə olduğu halda avtomobil istifadəçiləri daha rahat, az xərc ödəməklə parklanma ehtiyaclarını qarşılaya bilərlər. İnsanların iş yerləri şəhərin müxtəlif guşələrində yerləşir və onlar avtomobillərini 8-9 saat həmin ərazidə saxlamalı olurlar. Nəticə etibarilə yalnız bir günə bəzən 8-10 manat parklanma xərcləri çıxır. Bu problem həllini tapacağı təqdirdə yeni xidmət sürücülər tərəfindən daha çox dəstəklənəcək.

Deputat bildirdi ki, yaşayış binalarının, evlərin yanında olan parklanma yerlərinin axşam saat 22:00-dan sonra ödənişsiz olması da düzgün hal deyil. Onun sözlərinə görə, bu yerlərin daha erkən, təxminən saat 20:00-dan etibarən ödənişsiz olması daha məqsədəuyğundur: “Çünki işdən evinə qayıdıb avtomobilini park edən sakindən saat 20:00-22:00 arası yenə müəyyən məbləğ tutulur. Bu da eynilə haqlı narazılığa səbəb olur. Çünki vətəndaş öz evinin yaxınlığında parklanma üçün ödəniş edir”.

30 qəpikdən 1 manatadək…

Xatırladaq ki, qaydalara əsasən, artıq “parkinq” məntəqəsi kimi müəyyən edilməyən yerlərdə maşın saxlamaq olmaz, əks təqdirdə cərimə tətbiq olunur. “Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği” də yalnız dövlətə məxsus “parkinqlər”də qüvvədədir.

Belə ki, ödəniş məbləği zonalara görə dəyişir. Bakı şəhərində 1 saat üçün ödənişin məbləği mərkəzdə 1 manat, I zonada 0,70 AZN, II zonada 0,40 AZN, III zonada 0,30 AZN müəyyən olunub. IV zonada maşın saxlamaq ödənişsizdir.

Sumqayıt və Gəncə şəhərlərində isə mərkəzdə 0,40 AZN, I zonada 0,20 AZN-dir, II zonada isə ödəniş tələb olunmur.

15 dəqiqəyədək parklanma üçün ödəniş tələb olunmasa da, avtomobil bu müddətdən artıq nə qədər qalmasından asılı olmayaraq tam ödəniş məbləği tətbiq olunur. Həmçinin qaydalara əsasən, nəqliyyat vasitələrinin parklanması üçün saat 22:00-dan 07:00-dək, eləcə də həftənin bazar günləri ödəniş tələb olunmur.

AYNA nə deyir?

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən qəzetimizin sorğusuna cavab olaraq bildirilib ki, Nazirlər Kabineti tərəfindən parklanma yerinin idarə edilməsi ilə bağlı qəbul edilən yeni qaydalar həm tariflərin özünü, həm şəhərin tarif zonalarını, eyni zamanda yığılan vəsaitin xərclənmə istiqamətini müəyyən edir. Parklanma yerlərinin yeni qaydalar əsasında idarə edilməsi bu sahədə nizam-intizamın yaradılmasına, qanunsuz pul yığımının qarşısını almaqla maliyyə şəffaflığının təmin olunmasına xidmət edir.

Qeyd olunub ki, parklanma üçün qanunsuz pul yığımının qarşısının alınması məqsədilə ödənişlər 3 aydır mobil tətbiq və sms vasitəsilə, yalnız nağdsız qaydada həyata keçirilir. Küçə parklanma yerlərindən istifadəyə görə sürücülərdən nağd şəkildə hər hansı bir ödəniş tələb oluna bilməz.

Agentlik sürücülərə qanunsuz ödənişlər etməməyi tövsiyə edir: “Sürücülərdən parklanma adı ilə nağd pul tələb edilməsi tam qanunsuzdur. Bu günə olan statistikaya əsasən, 189 min 159 nəfər mobil tətbiqi yükləyərək qeydiyyatdan keçib. 24 mindən çox insan isə balansın artırılması əməliyyatını həyata keçirib”.

Bildirilib ki, parklanmaya olan tələbatdan asılı olaraq Bakıda şəhərin müəyyən hissələri 4 ödənişli zonaya bölünüb. Bakı şəhərinin mərkəzində parklanmanın 1 saatı 1 manat, digər zonalarda müvafiq olaraq 1 saatı 70, 40, 30 qəpik məbləğində müəyyən edilib. “Yol hərəkəti haqqında” qanuna əsasən, ödənişli parklanma yerlərində nəqliyyat vasitələrinin 15 dəqiqəyədək parklanması üçün ödəniş tələb olunmur. Saat 22:00-dan saat 07:00-dək və həftənin bazar günləri parklanma ödənişsizdir.

Şəhərin hansısa hissəsində “parkinq”ə olan tələbat azdırsa, bu ərazidə qiymət tənzimlənməsi tətbiq edilmir. Yaşayış yeri parklanma zonasına yaxın olan sakinlərdən ödəniş tələb olunmur. Bunun üçün xüsusi parklanma talonları mövcuddur. Qanunvericiliyə əsasən, ödənişli parklanma ilə bağlı digər hallarda isə imtiyazlar nəzərdə tutulmayıb.

Müşahidələr göstərir ki, parklanmanın idarə olunmasından sonra əvvəllər avtomobil saxlamaq üçün çətinliklə yer tapılan küçələrdə artıq xeyli sayda boş yer müşahidə edilir. Məlumatda qeyd olunub ki, parklanmanın düzgün idarəedilməsi yollarda xaosun qarşısını alır və küçələrin daha effektiv olmasına şərair yaradır. Eyni zamanda nəqliyyat axınının tənzimlənməsinə, şəhərin nəqliyyat infrastrukturuna, piyadaların və sürücülərin təhlükəsizliyinə imkan yaradır.

Təbii ki, paytaxtda şəxsi avtomobillərin sayının artdığını nəzərə alaraq parklanma ilə bağlı müəyyən problemlərin hələ uzun müddət davam edəcəyi ehtimal olunur. Yeni sistem ilkin mərhələdə müəyyən çətinliklər, problemlər yaratsa da, problemin kökünün müəyyənləşdirilməsi, operativ və ədalətli həlli əsas məsələdir. Yoxsa ünvanından başlayan problemlər böyüyür, şaxələnir və müşkülə çevrilir…

Ümid edirik ki, qısa zamanda bütün  yol iştirakçılarının gözü yoldan çəkilər…