“Rəsmi Paris bu dəfə də ölkəmizə qarşı ermənipərəst mövqedən çıxış edib”

Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Ermənistan tərəfinin Laçın rayonu istiqamətində yerləşən mövqelərimizə qarşı təxribatı ilə əlaqədar Ermənistanı dəstəkləyən bəyanatı bu ölkənin Azərbaycana qarşı qərəzli siyasətinin növbəti təzahürüdür. Gözlənildiyi kimi rəsmi Paris bu dəfə də ölkəmizə qarşı ermənipərəst mövqedən çıxış edib.

Globalinfo.az xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında “İslahatçı Gənclər” İctimai Birliyinin sədri, siyasi şərhçi Fərid Şahbazlı bildirib.

O qeyd edib ki, Laçında yaşanan insidentin birbaşa Ermənistanın mütəmadi xarakter alan təxribatları nəticəsində baş verdiyi bütün çılpaqlığı ilə ortada olsa da, Fransa yenə özünün siyasi məqsədlərini öndə tutaraq obyektivlikdən kənar mövqe ortaya qoyub: “Fransanın bu mövqeyi bir daha onun Azərbaycanla Ermənistan arasında həm fərdi qaydada, həm də ATƏT-in keçmiş Minsk Qrupu həmsədri kimi hər hansı formada vasitəçilik rolunu ortadan qaldırır. Azərbaycan dəfələrlə rəsmi Parisin ölkəmizə qarşı ikili standartlardan çıxış etdiyini və bu səbəbdən qətiyyən Azərbaycanla Ermənistan arasında hansısa münasibətlərin aydınlaşdırılması üçün vasitəçi ola bilməyəcəyini bəyan edib. Təcrübə göstərir ki, Azərbaycana qarşı yönələn bütün erməni təxribatlarına Fransa hər hansı formada şərikdir. 44 günlük müharibə dövründə də Fransa mütəmadi olaraq, Azərbaycan əleyhinə qətnamə və bəyanatlar tirajlamaqla məşğul idi.

“Bu gün Ermənistanın ərazi bütövlüyünə hörmət edilməsinin vacib olduğunu deyən Fransa nə hikmətdirsə Azərbaycanın beynəlxalq birlik tərəfindən qəbul edilən ərazi bütövlüyünü tanıdığı ilə bağlı bəyanat verməyib. Halbuki bu üçtərəfli Bəyanat və Fransa Prezidentinin də iştirakçısı olduğu Praqa görüşünün nəticələrinin tələbidir. Ümumiyyətlə, Fransa XİN-nin bəyanatında yer alan məqamlar tamamilə obyektivlikdən uzaqdır. Hazırda hər hansı sərhəd delimitasiyasından söhbət gedə bilməz. İnsidentin baş verdiyi ərazi Azərbaycanın suveren torpaqlarıdır və ölkəmiz dəfələrlə bəyan edib ki, beynəlxalq hüquqla tanınan ərazilərində hər hansı qanunsuz fəaliyyətə imkan vermək niyyətində deyil”, – deyə Fərid Şahbazlı vurğulayıb.

Siyasi şərhçi bildirib ki, hazırda insan hüquqlarının pozulması, dinc aksiyaçılara qarşı şiddətli zorakılıqların göstərilməsi kimi ciddi insan hüquq pozuntuları ilə dünyanın gündəmində olan Fransanın öz daxilində problemləri həll etmək yerinə Azərbaycana dərs keçmək cəhdləri əbəsdir və gülüş doğurur. Dünyanın müxtəlif regionlarında separatizmi açıq şəkildə dəstəkləyən Fransa Korsikada, hətta milli azlıqların mədəni hüquqlarını da ən məhdud formada həyata keçirməyə imkan vermir. Fransa bu gün Korsikaya qarşı ciddi formada linqvistik ayrı-seçkilik siyasəti həyata keçirir. Hesab edirəm ki, beynəlxalq ictimaiyyət obyektiv olmalı və Fransanın bu irqçi siyasətini pisləməlidir.