Regionda vəziyyət gərginləşir – Rusiya İranı razı salmalıdır, əks halda…

“Ermənistanla Azərbaycan arasında yekun sülh sazişinin imzalanması Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması baxımından vacibdir”.

Bu fikirləri Türkiyə Milli Kəşfiyyat İdarəsinin (MİT) rəhbəri İbrahim Kalın Bakı Təhlükəsizlik Konfransında çıxışı zamanı deyib. İ.Kalın vurğulayıb ki, bu sülh həm də Zəngəzur dəhlizinin açılmasını təmin edəcək.

Kalının bu açıqlaması nəyə hesablanıb?

Siyasi şərhçi Kənan Novruzov Globalinfo.az-a deyib ki, bu açıqlamanın verilməsi təsadüfi deyil:

“Sülh sazişi və Zəngəzur dəhlizinin açılması məsələsi xüsusilə gündəmdədir. Türkiyə də bu prosesdə olduqca maraqlıdır. İki ölkə arasında sülh müqaviləsinin imzalanması Zəngəzur dəhlizinin açılmasına töhfə verə bilər. Hansı prosesin əvvəl baş verəcəyi isə sual yaradır. Sülh müqaviləsi üçün Ermənistan konstitusiyasını dəyişməlidir. Lakin hələ rəsmi İrəvan belə addım atmaq istəmir. Bu baxımdan Zəngəzur dəhlizinin açılması daha yaxın görünür. Belə aydın olur ki, Zəngəzur dəhlizinin açılması sülh müqaviləsinin imzalanmasına təkan verəcək”.

Siyasi şərhçinin sözlərinə görə, region ölkələri Zəngəzur dəhlizinin açılmasında maraqlıdır:

Kənan Novruzov

“İran bunu özünün qırmızı xətti kimi görsə də Rusiya onu bu məsələdə razı sala bilər. İran buna razılıq verməsə rəsmi Tehran-Moskva münasibətlərində ziddiyyət yaradacaq. Bu gərginlik hazırda iki ölkəyə də lazım deyil. Ermənistan isə İrana arxayındır. Əgər Tehran Zəngəzur dəhlizinin açılmasına müsbət yanaşarsa, İrəvan təklənəcək. Bununla da Ermənistanın mövqeyi dəyişə bilər. Nəticədə dəhlizin diplomatik yolla açılması istisna deyil”.

K.Novruzov qeyd edib ki, Azərbaycan Ermənistanın davam edən hərbi təxribatlarına cavab olaraq, Zəngəzur dəhlizini güc yolu ilə aça bilər:

“Bu zaman rəsmi Bakı 10 noyabr bəyanatının 9-cu bəndini icra etmiş olacaq. Yəni hər zaman olduğu kimi öz işini özü görəcək. Nəticədə Zəngəzur dəhlizi açılacaq”.

Safura Bənnayeva
Globalinfo.az