REAL-ın bağlanacağı xəbərinə Natiq Cəfərlinin şərhi

REAL (Respublikaçı Alternativ) partiyasının sədri İlqar Məmmədov sosial şəbəkədə paylaşım edərək partiyanın ləğv edilə biləcəyini qeyd edib. Partiya sədri bildirib ki, yaxın aylarda REAL 5 min üzvdən ibarət siyahını yeni qanun tələb etdiyi kimi hökumətə təqdim etməsə, bu ilin ikinci yarısında dövlət qeydiyyatı ləğv ediləcək.

Məsələ ilə bağlı Globalinfo.az-a danışan partiyanın Siyasi Komitəsinin üzvü Natiq Cəfərli sözügedən məqamın qlobal məsələ olduğunu söyləyib:

“Siyasi Partiyalar haqqında” qanun layihəsinə ən çox etiraz edən, narazılığı arqumentləşdirən bizim partiya oldu. Həmçinin parlamentə bunun əleyhinə səs verən yeganə partiya da REAL idi. Biz bu qanunu Azərbaycan siyasi sistemi üçün zərərli hesab edirik. Dövlətin siyasi partiyaların quruluşuna qarışması kimi bir ehtimala yol verilməməlidir. Hökumətin müəyyən dərəcədə siyasi partiyanın təbliğat üsullarına və mövzularına qarışması mümkündür. Məsələn, faşizm ideologiyasını təbliğ edən, ayrı-seçkilik çağırışı edən partiyaların fəaliyyəti qadağan edilə bilər. Yəni dövlət tərəfindən hansısa formada bu kimi məsələlər tənzimlənə bilər. Amma üzv sayı, quruluşu, tərkibi, qurultayla bağlı məsələlərə müdaxilə edilməməlidir”.

N.Cəfərli yaxın zamanlarda üzv sayının tamamlanıb Ədliyyə Nazirliyinə təhvil veriləcəyini qeyd edib:

“14 Martda Venesiya Komissiyası sözügedən qanun layihəsi ilə bağlı rəy verəcək. Bu komissiyaya müraciət edən yeganə partiya da REAL-dır. İlqar Məmmədov bu paylaşımı ilə qanun layihəsinə yenidən baxılması üçün çağırış etdi. Doğrudur, Venesiya Komissiyasının rəyi tövsiyə xarakterli olacaq. Amma parlamentin də toplanaraq bu layihədə bir çox dəyişikliklər həyata keçirməsi vacibdir. Üzv sayı bizim üçün problem deyil, tələb olunan göstəricinin böyük bir hissəsinə sahibik. Çox qısa zamanda isə tam həll edib siyahını Ədliyyə Nazirliyinə təhvil verəcəyik. Əsas problem qanunun özü ilə bağlıdır, bu, siyasi fəaliyyətin fəlsəfəsinə ziddir”.

Ayşən Mustafa
Globalinfo.az