Razi Nurullayev onu təhqir edənlər haqda görün nə dedi

İki gündür sosial şəbəkələrdə Milli Məclisin deputatı Razi Nurullayevə qarşı kampaniya aparılır. Onun saytlardan birinə verdiyi müsahibədə başlığa çıxarılan “Uşaqpulu istəmək etik deyil” cümləsi birmənalı qarşılanmayıb. Buna görə deputatı tənqid, hətta təhqir edənlər də var.

Bundan başqa, millət vəkili Facebook səhifəsində gül-çiçək mənzərəsi fonunda şəklini paylaşıb. Sosial şəbəkələrdə bu fotoya lağ edənlər, deputatı lağa qoyanlar var. Maraqlıdır, bunu kimlər və nəyə görə edirlər?

Mövzu ilə bağlı Globalinfo.az deputatın fikrini öyrənib.

R.Nurullayev deyib ki, məsələ yalnız yazılan başlıqda deyil:

“Açıqlamanın kimin verməsindən asılı olmayaraq başlığa çıxarılan sözlə yanaşı, həm də verilən müsahibənin məzmunu tamamilə dəyişdirilir. Məsələn, dünən Qaynarinfo-ya bir “Quranlıq” söz danışmışam, amma içindən mənə yalnız mənfilik gətirən bir sözü kontekstdən çıxarıb belə yayıblar. Onlardan hazırda səs yazımı tələb edirəm ki, verdiyim cavabı insanlar dəqiq eşitsinlər. Hər şeyi olduğu kimi cəmiyyətə təqdim edəcəyəm!”.

Deputat onun fotosunu tənqid edənlərlə bağlı da fikir bildirib:

“Açığı, vətəndaşlarımızdan tərif gözləmirəm, heç belə niyyətim də yoxdur. Biz öz vəzifəmizi yerinə yetiririk. Amma bilirəm ki, cəmiyyətdə ara qarışdırmaq istəyən 15-20 min civarinda insan var. 10 milyon əhali arasında bunun olması təbiidir. Həmin o insanlar arasında söyüş yazmağa meylli, monitor arxasında şirə dönənlərin də sayı qoy olsun 5-6 min. Bu adamlar sosial şəbəkələrdə hər hansı bir paylaşım görəndə, baxıb keçmirlər, keçə bilmirlər! Ora mütləq mənfi rəy, söyüş yazır, kimisə hədəfə gətirirlər. Amma normal insanlar belə paylaşımlar görən zaman sadəcə, baxır və keçir. Biri deyir “əşi nəyimə lazım?!”, digəri ziyalı olduğu üçün və hər hansısa səbəbdən fikir bildirmirlər. Bu, bütün dünyada belədir. Onlar cılız adamlardırlar. Yəqin onların arasında müəyyən faiz var ki, etdikləri hər bir təhqiri “skrinşot” edib sahiblərinə atır və buna görə pul alırlar”.

Zaira Akifqızı
Globalinfo.az