Rayon yollarında “Qırmızı Kitab”a düşən quşlar satılır? – FOTO

Sosial şəbəkədə ovlanması qadağan olunan, “Qırmızı Kitab”a daxil edilmiş quşların və heyvanların qanunsuz ovlanaraq yol kənarında, rayon bazarları və restoranlarda satılması ilə bağlı məlumat yayılıb. 

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə “Ecofront” feysbuk səhifəsində paylaşım edilib. Səhifə aidiyyəti qurumları bununla bağlı reyd keçirməyə çağırıb. Şərhlərdə iddia olunub ki, belə quşlar Xırmandalı yolu və Biləsuvar yolunun girişi, Hacıqabul rayonunun Padar yolunda satılır.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə sorğu ünvanladıq. Qurumun Mətbuat xidmətinin Regional Qrupundan saytımıza bildirildi ki, bununla əlaqədar müvafiq tədbirlər görülür: “Sosial şəbəkələrdə yayılmış görüntülərdən məlumatlıyıq. Bununla bağlı müvafiq tədbirlər görülür. Əvvəllər də belə faktlarla bağlı müvafiq tədbirlər görülüb, bu əməli törədən şəxslər müəyyən olunaraq onlar barəsində inzibati məsuliyyət tədbirləri tətbiq olunub”.