Rəşad Məcid: “Mətbuat Şurasının sədrini cəmi 300 jurnalist seçəcək”

 

2003-cü ildə təsis olunan Mətbuat Şurasının indiyədək 7 qurultayı keçirilib. Ən sonuncu qurultay isə 2018-ci ildə baş tutub. Artıq 4 ildən sonra şura və Azərbaycan jurnalistləri keçiriləcək yeni qurultaya hazırlaşırlar. Növbəti yəni, 8-ci qurultay isə sentyabrın 24-də keçiriləcək.

Qurultayın təşkilatçılıq məslələri, prosedur qaydaları və kimlərin namizədliyini vermə ehtimalları ətrafında jurnalistlər arasında qızğın mübahisələr mövcuddur.

Müzakirə predmentinə çevirilən bəzi suallara bağlı Mətbuat Şurasının İdarə Heyətinin üzvü Rəşad Məcid aydınlıq gətirib.

Bizim.Media-ya verdiyi müsahibəsində o, Mətbuat Şurasının son illərdəki fəaliyyəti haqqında deyilən mənfi fikirlərlə razılaşmayıb və gözlənilən yeniliklər haqqında söz açıb:

“2003-cü ildə keçirilmiş ilk qurultay Azərbaycan jurnalistlərinin yadında çox obyektiv, demokratik və yaddaqalan olub. Lakin bu haqda məlumatlı olmayan şəxslər şuranın fəaliyyətini qənaətbəxş hesab etmir. Mən bununla razılaşmıram, sadəcə son illərdə Mətbuat Şurasının təsir gücü azalıb və idarə heyətində olan bəzi üzvlərin fəaliyyəti şuranın ümumi fəaliyyətinə kölgə salıb.

Amma güman edirik ki, şuraya yeni nəfəs, ruh gələcək. Qurultaylar hər zaman böyük rəqabətlə keçib. Burada da qayda belədir ki, Mətbuat Şurasına üzv olan mətbu orqanlar öz idarə heyətində görmək istədiyi namizədləri irəli sürürlər və ən çox səs yığan, jurnalistlərin etimadını qazananlar bülletenə salınır və jurnalistlərin qurultayında Mətbuat Şurasının idarə heyəti seçilir. Mən də idarə heyətinin üzvü və qurultay nümayəndəsi kimi arzulayıram ki, jurnalistlər axtarış etsinlər, yeni adlar üzə çıxsın, rəqabət hissi bu dəfə də hiss olunsun. Daha çox gənc jurnalistlərin idarə heyətinə seçilməsi lazımdır”.

R.Məcid həmçinin qəzet və saytlardan qurultayda iştirak edəcək namizədlərin sayını da açıqlayıb: 

Qurultaya gündəlik qəzetlər, informasiya agentlikləri 2 namizəd, həftəlik qəzetlər, saytlar və digərləri isə 1 namizəd göndərəcəklər. Eyni zamanda onlar Mətbuat Şurasının idarə heyətində görmək istədikləri namizədlərin adını yazacaqlar, bunun əsasında da bülleten hazırlanacaq. Qurultayda jurnalistlər səs verərək, Mətbuat Şurasının idarə heyətini və sədrini seçəcəklər. Qonaqlar yəgin ki, məhdud dairədə olacaq. Xeyli jurnalist şübhəsiz ki, qurultayı işıqlandırmaq üçün iştirak edəcək. Lakin əsas qurultay nümayəndələri təxminən 300 nəfərə yaxın olacaq”, – deyə R.Məcid qeyd edib.