Rəşad Dağlı hansı sözə görə qətl törətdi? – Əsas versiyalar

Meyxanaçı Rəşad Dağlının İsgəndər Mehdiyevi qətlə yetirməsi ilə bağlı versiyalar artmaqdadır.

Globalinfo.az sözügedən qətl hadisəsi barədə əsas versiyaları təqdim edir:

“Şantaj” versiyası

İsgəndər Mehdiyevin Rəşad Dağlıdan şantaj yolu ilə 3 min manat tələb etdiyi, bu zaman yaranan mübahisə zamanı sonuncunun cinayəti törətdiyi bildirilir. İddia olunur ki, İ.Mehdiyev Rəşadı hansısa məlumatı yaymaqla təhdid edib. Bu isə Mehdiyevin öldürülməsi ilə yekunlaşıb.

“Borc pul” versiyası

Versiyalardan biri də budur ki, İ.Mehdiyev dəfələrlə Rəşad Dağlıdan borc pul istəyib, bununla bağlı ona dəfələrlə zəng edib. Daha sonra tərəflər məsələni aydınlaşdırmaq üçün görüşüblər. Bu zaman isə İ.Mehdiyev Rəşad Dağlını ağır şəkildə təhqir edib, nəticədə maşının içində əlbəyaxa olublar və meyxanaçı onu çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib.

“Özünümüdafiə” versiyası

Rəşad Dağlı məhkəmədə hadisə zamanı qətl törətmək fikrində olmadığını söyləyib. Onun sözlərinə görə, hadisə vaxtı bıçaq İsgəndər Mehdiyevdə olub və onu öldürməyə cəhd edib. Rəşad Dağlı deyib ki, əlbəyaxa zamanı həmin bıçağı ondan alıb və İsgəndər Mehdiyevi qətlə yetirib.

“Bariqa”lara atmaca” versiyası

İddia edilir ki, hadisəyə səbəb Rəşadın narkotiklə bağlı meyxanası olub. Belə ki, İsgəndər Mehdiyev külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi səbəbindən uzun müddət həbsdə olub. Rəşad Dağlı isə deyişmə zamanı “bariqa və mal satanlar getsin öz evinə satsın” kimi sərt ifadələr işlədib. Həmin ifadə iki şəxs arasında mübahisəyə səbəb olub və yekunda İ.Mehdiyevin qətli ilə nəticələnib.

Xatırladaq ki, noyabrın 9-da meyxanaçı Rəşad Dağlı İsgəndər Mehdiyevi çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib. O, hadisədən sonra təslim olub. Qaradağ Məhkəməsində onun barəsində 4 ay müddətində həbs qətimkan tədbiri seçilib.

Aqşin, Globalinfo.az