
Qurban Qurbanova Türkiyə və Avropa klublarından təklif gəlib.
Globalinfo.az xəbər verir ki, bunu Azərbaycan çempionunun baş direktoru Emrah Çelikel “beinsport”a açıqlamasında deyib.
“Türkiyədən bəzi komandalar baş məşqçimizlə görüşmək istədi. Amma hocamız “Qarabağ”dan ayrılmağı istəmədi. Klubun mənəvi dəyəri var və Qurban bəy də Vətəninə, bayrağına çox bağlı bir insandır. 2008-ci ildən Qurbanovla çalışırıq. Heç vaxt ayrılıq düşüncəsi olmadı. Avropa klubları da görüşmək istəsələr də, hocamız onlara da konkret cavab verib”, – o bildirib.
O, Ağdam təmsilçisinin hücumçusu Juninyonun İspaniya təmsilçisi “Sevilya”ya mümkün keçidi ilə bağlı danışıb:
“Juninyoya rəsmi təklif göndərilib. Danışıqların ilkin mərhələsində razılığa gələ bilmədik. Lakin danışıqların davamı olacaq. “Sevilya” həqiqətən bu transferi həyata keçirmək istəyirsə, bizim də maraqlarımızı nəzərə almalıdır. Qış fasiləsində Juninyo kimi forvard tapmaq asan olmaz. Lakin istəyərdik ki, Azərbaycandan hansısa futbolçu La Liqada çıxış etsin”.