Misli Premyer Liqasının XXVIII turunda “Qarabağ” “Kəpəz”i məğlub edib və sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib.

Globalinfo.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında Qurban Qurbanov fikirlərini bölüşüb:

“Adilə və komandasına uğurlar arzulayıram. Futbolçularımı təbrik edirəm, bacardılar. Belə uğur futbolçuları daha peşəkar edir, məsuliyyət verir. Kollektivimlə bu il də Azərbaycan çempionu olduq. Rəhbərliyi, azarkeşlərimizi təbrik edirəm”, – Q.Qurbanov qeyd edib.

Təcrübəli baş məşqçi sonrakı hədəflərdən söz açıb:

“İşimiz elədir ki, daim uğurun ardınca getməliyik. Mövsüm boyu yaxşı olmaq istəyiriksə, uğur qazanmalyıq. Azərbaycan kimi ölkələrdə böyük uğurlar az olur. Futbol elədir ki, daim dəyişikliklər olur. Ölkədə gücümüzü saxlamalıyıq”.

Q.Qurbanov ona milli komandada baş məşqçi postunun təklif edilmədiyini vurğulayıb:

“İcraiyyə Komitəsinə, mənə yığmanın baş məşqçiliyi təklif olmayıb. Olsa, bunu müzakirə etməliyik”.

Baş məşqçi çempion heyəti qoruyub saxlamağın çətin olduğunu diqqətə çatdırıb:

“Buna çalışacağıq. Gələn il üçün komandanın potensialı var. Onların ustalıq səviyyəsini artırmağa çalışacağıq. Bəzən düşünmədiyimiz təkliflər olub, futbolçuları saxlaya bilməmişik. Amma əlimizdən gələni edəcəyik”.