
“Komandadaxili hər hansı problem yoxdur, hər şey qaydasındadır”.
Bu sözləri Globalinfo.az-a klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev Qurban Qurbanovun Bəhlul Mustafazadə ilə görüşməməsi haqda danışarkən deyib.
Onun sözlərinə görə, futbolçular və Qurban Qurbanov arasında möhkəm hörmət və inam dayanır:
“Bilirsiniz, həmin epizoda qədər Qurban Qurbanov bütün işçilərlə, oyunçularla görüşüb, təbrikləşmişdi. Eyni zamanda Bəhlul Mustafazadə ilə də qucaqlaşıb görüşmüşdü. Paltardəyişmə otağında elə adamlar oldu ki, ikinci dəfə görüşmədi. Ona görə ortaya belə görüntü çıxıb. Heç bir problem yoxdur, hər şey əladır və komandada çempionluq ab-havası hökm sürür. Növbəti oyunlara hazırlaşırıq”.
***10:13
Azərbaycan Premyer Liqasının 2024/2025-ci illər mövsümünün çempionu olan “Qarabağ” klubunun paltardəyişmə otağında ziddiyyətli hadisə yaşanıb.
Globalinfo.az xəbər verir ki, “Sabah”la matçda 1:1 hesablı heç-heçə edərək qızıl medallara sahib çıxan Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra futbolçularını təbrik edib, lakin müdafiəçi Bəhlul Mustafazadə ilə görüşməyib.
Görüntülərdə Bəhlul Mustafazadənin bu vəziyyətdən narazı qaldığı və əsəbiləşdiyi müşahidə olunub.
İlkin versiyaya görə, B.Mustafazadə ilə Q.Qurbanov arasında futbolçunun nizam-intizamsız davranışı səbəbindən problem var.
Zaira Akifqızı
Globalinfo.az