qurban

Qurban bayramı vaxtı bazarlarda ətin qiymətinin süni şəkildə artırılması yenidən müzakirə mövzusuna çevrilib. Bir çox vətəndaş hesab edir ki, bəzi işbazlar bayramdan istifadə edərək qiymətləri qaldırır, bu isə insanların qurban ibadətini yerinə yetirməsinə çətinlik yaradır.

Bəs Qurban bayramında qazanc məqsədilə qiymətləri süni şəkildə artırmaq islamda günah sayılırmı?

Globalinfo.az-a danışan Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının üzvü, ilahiyyatçı Rüfət Qarayev deyib ki, süni şəkildə qiymət artırmaq günahdır:

“İstər Qurban bayramı zamanı, istər digər vaxtlarda qiymətləri süni şəkildə artırmaq və ya məhsulu saxlayıb insanlar üçün əlçatmaz hala gətirmək dinimizdə qadağandır. Yəni məhsulu süni şəkildə bahalaşdırmaq olmaz. Qurban kəsmək müsəlmanlar üçün vacib ibadətlərdəndir. Ölkəmizdə imkanlı insanların da qurban kəsməsi müstəhəb əməldir, yəni savabı çoxdur”.

İlahiyyatçı daha bir məqama toxunub:

“Nə alanlar gedib qiyməti həddindən artıq aşağı salmağa, “ucuz ver” deməyə çalışmalıdır, nə də satan insanlar bazar qiymətindən daha yüksək qiymət qoyaraq insanları qurban kəsməkdən soyutmalıdırlar. Biz bir vətənin övladları, bir ölkənin vətəndaşlarıyıq. Bir sözlə, çalışmalıyıq ki, satanlar münasib qiymətə satsınlar – nə dəyərindən aşağı, nə də həddindən artıq baha. Alan insanlar da onu dəyərindən aşağı almağa çalışmasınlar. Beləliklə, Allahın əmri olan qurban ibadətini, savabı böyük olan bu əməli layiqincə yerinə yetirməyə çalışsınlar. Allah bütün kəsilən qurbanları qəbul etsin”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: