Qüdrət Həsənquliyev: Onlar ifşa olunmuş satqın ünsürlərdir

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin xalqcebhesi.az saytına müsahibə verib.

Globalinfo.az müsahibəni təqdim edir:

– Qüdrət bəy, Qərbin “pet”ləri iqtidarı Qərblə münasibətləri korlamaqda ittiham edir.Siz nə düşünürsünüz?

– Qərb Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi ilə hüç cür barışa bilmir. Rusiya, birinci Qarabağ savaşında olduğu kimi, 44 günlük savaşda Qərbin tapşırığı ilə Ermənistanın yanaında yer alıb onun cinayətlərinə şərik olmadı, öz dövlət maraqlarını önə çəkdi və neytrallığını bacardığı qədər qorumağa çalışdı. Qərb isə münaqişənin dondurulmuş olaraq qalmasını, Azərbaycanı ərazi itkisi ilə barışmasını gözləyirdi. Hazırda, onlar bizə təzyiq edib Rusiya ilə münasibətlərimizi pozmağa, Rusiyanın Ermənistanı dəstəkləməsinə, 8 kəndin işğal altında qalmasına nail olmağa çalışırlar.

Baxmayaraq ki, biz yox, Ermənistan Rusiyanın hərbi-siyasi müttəfiqidir, onunla eyni hərbi blokdadır. Onda soruşa bilərsiniz ki, bizə münasibətdə bu cür ləyaqətsiz davranışın motivi nədir? Deyim, ermənilərin xristian, bizim müsəlman olmağımız, ABŞ-da zəngin erməni lobbisinin varlığı… Məhz buna görə ABŞ işğalçı Ermənistana, Azərbaycandakı qanlı erməni seperatizminə dəstək vermiş, işğala məruz qalan Azərbaycana sanksiya tətbiq etmişdir. İndi onları, həm də türk dövlətlərinin Rusiya ilə münasibətləri narahat edir. Amma ABŞ bizim torpaqları işğal edən Ermənistana, Azərbaycan torpaqlarında işğalçı dövlətin qurduğu qondarma rejimə yardım edib, onlarla əməkdaşlıq edəndə heç utanmırdı. Bu ölkə zaman-zaman beynəlxalq hüquqdan doğan öhdəliklərini vicdanla yerinə yetirməyib. Ukrayna gözümüzün qarşısındadır. Aldadıb, təzyiq edib bu ölkənin nüvə silahını əlindən aldılar, indi təzyiq edirlər ki, sülh naminə ərazi güzəştinə getsin. Müharibəni önləmək üçün heç olmasa, “biz Ukraynanı NATO-ya qəbul etməyəcəyik”, belə demədilər. Halbuki müharibənin başlayacağına 100 faiz əmin olduqlarını bildirirdilər. Onların mənəvi dəyərlərə sadiqliyi də çox üzücüdür.

Azərbaycan Əfqanıstanda ABŞ dəstək verəndə bizə tətbiq etdikləri sanksiyanı müvəqqəti dayandırdılar, Əfqanıstandan dovşan kimi qaçandan sonra isə yenidən tətbiq etdilər. ABŞ-la dostluq edib ona güvənənlər sonda həmişə peşimançılıq hissi keçiriblər. Qərbin fitlə hoppanıb – düşən azərbaycanlı “sevimliləri” – “pet”ləri sifətlərini itirməmək üçün (halbuki çox gecdi) Qərblə münasibətləri Azərbaycanın pozduğunu bəyan edirlər. Onlar ifşa olunmuş satqın ünsürlərdir.