Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşünün bağlanış mərasimi keçirildi – FOTOLAR

Azərbaycanda Qoşulmama Hərəkatının Koordinasiya Bürosunun Nazirlər Toplantısı öz işini uğurla başa vurub.

Globalinfo.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) Tvitter hesabında məlumat yayıb.

Geniş müzakirələr və qətiyyətli səylər nəticəsində iclasda konsensus əsasında aşağıdakı mühüm sənədlər qəbul edilib:

– Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı Anım Bəyannaməsi,

– Yekun sənəd,

– Bakı Bəyannaməsi,

– Ev sahibi olan ölkəyə təşəkkür məktubu,

– 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunlarına dair Xüsusi Bəyannamə.

 

***20:28

Bakı Konqres Mərkəzində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşünün bağlanış mərasimi keçirilib.

Globalinfo.az-ın “Report”a istinadən xəbərinə görə, toplantıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov çıxış edib.

Tədbirə digər ölkələrin nümayəndə heyətləri də qatılıb.

Toplantıda Bakı Bəyannaməsi və ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı xatirə bəyannaməsi qəbul edilib.

Azərbaycan 120 üzv dövlət, 18 müşahidəçi dövlət və 10 beynəlxalq təşkilatın daxil olduğu Qoşulmama Hərəkatının tarixində mühüm rol oynayıb.

Qeyd edək ki, iyulun 5-6-da Bakıda Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşü keçirilib. Görüşdə hərəkatın gündəliyi ilə bağlı çoxsaylı əlavə tədbirlərlə yanaşı, yekun sənədlər qəbul edilib.