WhatsApp Image 2026 02 02 at 13.51.31 1

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin qəsdən sağlamlığa az ağır zərər vurma və xuliqanlıq maddələri ilə cinayət işi başlanılıb, istintaq araşdırmaları aparılır.

Globalinfo.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, cinayət işinin icraatı DİN-in nəzarətindədir.

Vurğulanıb ki, hadisəni törətməkdə şübhəli bilinən üç nəfər — Turxan Zeynalov, Ramil Zeynalov və Asəf Rəhimov saxlanılaraq istintaqa təhvil verilib.

Zərərçəkmişin yaşadığı ünvana naməlum şəxs və ya şəxslərin gəlməsi ilə bağlı polisə hər hansı məlumat daxil olmayıb.

Hadisə yerində mövcud olan kamera görüntüləri və digər sübutlar istintaq predmetidir, xəsarətin dərəcəsinin müəyyən edilməsi üçün müvafiq ekspertizalar təyin olunub.

***14:26

Xəbər verdiyimiz kimi, Azərbaycanın mərhum xalq artisti Yuri Balıyev və əməkdar artist Nataliya Balıyevanın 45 yaşlı oğlu Artur Balıyev yanvarın 30-da axşam saatlarında Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində döyülüb. Xəstəxanaya yerləşdirilən Artur Balıyevin müalicəsi hazırda Kliniki Tibbi Mərkəzdə davam etdirilir. Onun bədənində çoxsaylı sınıqlar və digər zədələr var.

Globalinfo.az-a danışan zərərçəkənin anası əməkdar artist Nataliya Balıyeva bildirib ki, hadisəni törədən şəxslərdən biri saxlanılsa da, digər üç nəfər məsuliyyətə cəlb edilməyib:

“Oğlumun başında, beynində, bədənin müxtəlif hissələrində ağır zədələr var, hazırda xəstəxanada müalicə alır. Onlar Arturu mənim gözümün qarşısında hücum edərək vururdular. Həm də bir nəfər deyil, hamısı birgə vururdular. Hadisə yerində kameralar da var, yəqin ki, həmin anların görüntüsü düşüb. Lakin kamera görüntüləri hələ ki götürülməyib və araşdırılmır. Niyə kameralar açılıb göstərilmir? Oğlum çox alicənab, mədəni insandır, münaqişə yaradan oğlan deyil. Amma həmin şəxslər aqressiv şəkildə hücum etdilər. Oğlum hələ də sərbəst yemək yeyə bilmir, gözünə qan sızıb”.

N.Balıyeva Bakı şəhərində belə bir hadisənin baş verməsinə görə təəssüfləndiyini deyib:

Bakı həmişə sakit yer olub. Belə hadisələr bizim hamımızı qorxudur. Kimlərsə oğluma təsir etmək üçün xəstəxanada onun yanına daxil olublar və təsir edərək şikayətçi olmamasına çalışıblar. Yaşadığım evin qapısını da tanımadığım şəxslər gəlib döyür, bunlar məni çox qorxudur. Bakıda həmişə bütün xalqlar rahat, mehriban yaşayıblar. Azərbaycan tolerant ölkədir, hər zaman dövlətimizə güvənmişik və güvənirik. Amma baş verən bu hadisələr bizi çox narahat edir. Xahiş edirəm, oğluma hücum edən şəxslər tapılsınlar, qanun qarşısında cavab versinlər”.

Qeyd edək ki, DİN-in mətbuat xidməti faktla bağlı araşdırmaların aparıldığını və bir nəfərin (T.Zeynalov) saxlanıldığını bildirib.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: