Qonşu ölkəni qarışdıran ilklərin qadını: onu Fransa ilə nə bağlayır? – İlginc

Zurabisvili 121

Oktyabrın 26-da Gürcüstanda keçirilən parlament seçkilərindən sonra ölkədə böyük etiraz aksiyaları başlayıb. Prezident Salome Zurabişvili də hakim Gürcü Arzusu Partiyasının qələbəsini tanımadığını açıqlayaraq əhalini nəticələri boykot etməyə çağırıb.

Hazırda Gürcüstanda rusiyayönlü qüvvələrlə avropayönlülər arasındakı mübarizədə əsas səy göstərənlərdən biri də ölkənin ilk qadın prezidenti Salome Zurabişvilidir. O, Gürcüstanın Avropaya inteqrasiyasını ən çox dəstəkləyənlərdən biridir. Zurabişvili rusiyayönlü kimi təqdim olunan hakim partiya və onun rəhbəri Bidzina İvanişviliyə qarşı sərt tənqidi çıxışları ilə seçilir.

Bəs hökumətlə mübarizə aparan Prezident Salome Zurabişvili kimdir? Onun Avropa sevgisi nəyə söykənir?

Globalinfo.az xəbər verir ki, Zurabişvili 1952-ci il martın 18-də Fransanın paytaxtı Parisdə gürcü siyasi qaçqın ailəsində anadan olub. Orta və ali təhsilini bu ölkədə alıb.

Parisə mühacirət və burada fəaliyyəti

Onun ailəsi 1921-ci ildə Qızıl Ordunun Gürcüstana hücumu nəticəsində Fransaya qaçan mühacirlərdən olub. Atası Levan Zurabişvili uzun illər Fransa Gürcü Assosiasiyasının (AGF) sədri vəzifəsində çalışıb. Salome 1970-ci illərdə bu ölkədə siyasətə qatılıb. O, bir çox diplomatik vəzifələr icra edib. 2003-2004-cü illərdə Fransanın Gürcüstandakı səfiri vəzifəsində çalışıb. 2004-cü ildə hər iki dövlətin prezidenti arasında əldə olunan razılığa əsasən Gürcüstan vətəndaşlığını qəbul edib və bu ölkənin ilk qadın xarici işlər naziri təyin olunub. O, Rusiya qüvvələrinin Gürcüstan ərazisinin mübahisəsiz hissələrindən çıxarılmasına səbəb olan müqavilə üzrə danışıqlar aparıb.

Zurabişvili ölkənin o zamankı hakim Vahid Milli Hərəkat Partiyası ilə mübahisələr yaşayıb, bu səbəblə 2006-cı ildə vəzifədən ayırlaraq öz partiyasını təsis edib. 2016-cı ildə isə müstəqil deputat kimi Gürcüstan parlamentinə seçilib. 2018-ci ildə qatıldığı prezident seçkilərində qalib gəlib və bununla Gürcüstanın ilk qadın lideri olub.

Salome Zurabisvili

Zurabişvili “Vinqton Post”a müsahibəsində uşaqlıq və gənclik illərində Gürcüstanla heç bir əlaqələrinin olmadığını deyib.

“Biz ora haqda sadəcə qəzetlərdə, jurnallarda, kitablarda oxuyur, sadəcə məktublar alırdıq. Amma Gürcüstan birbaşa əlaqəmiz yox idi. O ölkədən balet truppası Sovetlər dövründə Parisə səfər etdi. Cəmi 8 yaşım vardı, SSRİ-nin aqressiv davranışlarından qorxaraq onlarla gizli şəkildə görüşdüm”, – o bildirib.

Zurabişvili 2006-cı ildə Gürcüstanın xarici işlər naziri vəzifəsindən getdikdən sonra təhsil aldığı Paris Siyasi Tədqiqatlar İnstitutuna qayıdaraq professor kimi çalışmağa başlayıb. O, müəllimlik fəaliyyəti dövründə SSRİ-nin süqutu, böyük dövlətlərin xarici siyasəti ilə bağlı mühazirələr deyib.

Fransada siyasi kareyarası

Zurabişvili 1974-cü ildə Fransada diplomatik xidmətə qoşulub. O, Fransanın İtaliyadakı səfirliyinə üçüncü katib kimi göndərilib. 1977-1980-ci illərdə Parisin BMT-dəki Daimi Nümayəndəliyinin ikinci katibi olub. Fransanın o zaman BMT Təhlükəsizlik Şurasına sədrlik edən Jak Laprettenin fəaliyyətini şəxsən müşahidə edib. 1980-ci ildə Parisə qayıdıb və Xarici İşlər Nazirliyinin Siyasət Planlaşdırma Qərargahında çalışıb. Dörd il sonra ABŞ-dakı səfirliyə katib kimi göndərilib. O, fəaliyyəti müddətində əsasən ABŞ-Sovet əlaqələri üzərində çalışıb.

Zurabişvili ilk dəfə 1986-cı ildə anası ilə birlikdə Gürcüstana səfər edib. O, 1996-cı ilə kimi Fransanın bir neçə ölkədəki diplomatik nümayəndəliyində səlahiyyətləndirilib. Daha sonra Brüsseldə Fransanın NATO yanında Daimi Nümayəndəliyinin birinci katibi təyin edilib. 2004-cü ildə Gürcüstana səfir təyin olunana kimi Paris adından bir çox diplomatik proseslərdə iştirak edib, Xarici İşlər Nazirliyində çalışıb.

saakasvili

Mixail Saakaşvil

Salome Zurabişvili Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilin dövründə məhz onun təklifi ilə XİN başçısı təyin edilib. O, prezidentliyi dövründə ölkənin Avropa İttifaqına inteqrasiyası üçün ciddi şəkildə səy göstərib. Tbilisinin ittifaqa üzvlüyünün təsdiqlənməsi üçün bir sıra təşəbbüslə çıxış edib.

Gürcüstan Konstitusiyasına uyğun olaraq Salome Zirabişvilinin prezidentlik müddəti 6 ildir. Fəaliyyəti dövründə onun barəsində bir neçə dəfə impiçment başladılması cəhdi olsa da, baş tutmayıb. 2024-cü ildə qüvvəyə minən Konstitusiya dəyişikliklərinə əsasən, Zurabişvili ölkə tarixində xalq tərəfindən seçilən sonuncu prezident olacaq. Gələcəkdə dövlət başçılarının parlament tərəfindən seçilməsi nəzərdə tutulur.

Ayşən Mustafa
Globalinfo.az