Gürcüstanın hakim Gürcü Arzusu Partiyası konstitusiyaya dəyişikliklə bağlı yeni qanunlar paketi hazırlayıb.
Globalinfo.az xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili deyib.
“Bu gün parlament çoxluğu “Ailə dəyərləri və azyaşlıların müdafiəsi” qanunlar paketi təşəbbüsü ilə çıxış edib. Bu, 18 qanun layihəsini, o cümlədən Vətəndaş Kodeksi, Əmək Məcəlləsi və təhsil haqqında qanunda dəyişiklikləri ehtiva edir”, – o bildirib.
İqtidar partiyasının təklif etdiyi yeni qanunlar toplusu xüsusilə nikahla bağlı sərt qaydalar qoyur. Bu dəyişikliklər sayəsində kişi və qadın arasındakı nikahdan başqa bütün alternativ nikah formaları qadağan ediləcək. Digər dəyişiklik isə övladlığa götürməklə bağlı olacaq. Burada heteroseksual insanlardan başqa şəxslərin övladlığa uşaq götürmələri qadağan olunacaq.
Bununla yanaşı ölkədə cins dəyişikliyi əməliyyatlarını, sənədləşdirmə işlərində fərqli cinsin göstərilməsi, təhsildə LGBT təbliğatını, eləcə də eynicinsli münasibətlər üçün ictimai toplantıları qadağan ediləcək.
Qeyd edək ki, Gürcü Arzusu Partiyası bundan öncə Qərb ölkələrinin kəskin narazılığına səbəb olan xarici agentlər haqqında qanunun qəbuluna nail olub.
Əliyar Xəlil
Globalinfo.az