Rusiyada yanacağa limit qoyulub. Belə ki, Moskva və Sankt-Peterburq şəhərlərində yanacaq çatışmazlığı səbəbindən bəzi yanacaqdoldurma məntəqələrində satışa məhdudiyyətlər tətbiq olunub. Sankt-Peterburqda bir sürücüyə maksimum 50 litr benzin satılır. Moskvada fəaliyyət göstərən bəzi məntəqələrində bir nəfərə 60 litrə qədər benzin və 100 litrə qədər dizel yanacağı satılır. “Lukoyl” şəbəkəsində isə bir müştəri üçün benzin satışı maksimum 100 litr ilə məhdudlaşdırılıb.
Azərbaycanda da belə bir hal gözlənilirmi? Yanacaqla bağlı çatışmazlıq yaşana bilər?
Globalinfo.az-a danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı Vüqar Oruc deyib ki, Azərbaycanda belə bir halın baş verəcəyi gözlənilmir:
“Çünki Azərbaycan müharibə şəraitində deyil, ölkədə hərbi risklər və logistikanı çətinləşdirən amillər yoxdur. Rusiyada isə vəziyyət fərqlidir. Hazırda onlarda logistika problemləri var, yanacağın çatdırılması risklərlə müşayiət olunur və müharibə şəraiti əlavə təzyiq yaradır. Eyni zamanda, Rusiyanın əhalisi və yanacaq istehlakı Azərbaycanın göstəricilərindən dəfələrlə çoxdur. Belə şəraitdə yanacaq qıtlığının hiss olunması təbii prosesdir. Məhz bu səbəbdən Moskva, Sankt-Peterburq və digər şəhərlərdə sürücülər üçün müəyyən məhdudiyyətlərin tətbiqi gündəmə gəlib. Növbəti mərhələdə isə qiymət artımlarının baş verməsi ehtimalı istisna deyil”.
Vüqar Oruc
İqtisadçı bildirib ki, Azərbaycanda yanacaq qıtlığı müşahidə olunmur:
“Logistik problemlərin olmaması səbəbindən yanacaq satışına limit qoyulmasına ehtiyac yoxdur və belə bir addımın atılması gözlənilmir. Neftin dünya bazarındakı qiymətinin artması, emal xərclərinin yüksəlməsi və logistik risklərin yaratdığı əlavə xərclər gələcəkdə benzin ilə dizel yanacağının qiymətinə təsir göstərə bilər. Hazırda dövlət tənzimləməsi fonunda belə bir artım real görünməsə də, artan xərclər gələcəkdə qiymətlərin yenidən nəzərdən keçirilməsinə səbəb yaradır. Ölkənin yanacaq təhlükəsizliyinin gücləndirilməsi üçün daxili emal imkanlarının artırılması, yeni neft emalı güclərinin yaradılması və yanacaq məhsulları üzrə idxaldan asılılığın minimuma endirilməsi məqsədəuyğun olardı. Bu istiqamətdə tədbirlərin genişləndirilməsi gələcək risklərin qarşısının alınmasına kömək edə bilər”.
Ləman İmran
Globalinfo.az