moskva ehali

Ərzaq qiymətlərinin bahalaşması əksər ölkələrdə insanların əsas problemlərindən biridir. Lakin Rusiyada bu məsələyə verilən şərh müzakirələrə səbəb olub. Belə ki, rusiyalı akademik Gennadi Onişenko bahalaşmanı problem yox, “oruc tutmaq və orqanizmi təmizləmək üçün fürsət” kimi dəyərləndirib. Onun bu fikirləri tənqid edilib.

Ərzaq qiymətlərinin bahalaşması əhalinin alıcılıq qabiliyyətinə və istehlak davranışına necə təsir göstərir? Belə bahalaşmanı müsbət proses kimi təqdim etmək iqtisadi baxımdan nə dərəcədə əsaslıdır?

Globalinfo.az-a danışan iqtisadçı Natiq Cəfərli deyib ki, qiymət artımını hakimiyyəti təmsil edən məmurların bu cür izah etməsi müəyyən mənada başadüşüləndir:

“Məntiqli olmasa da, rusiyalı akademikin dedikləri anlaşılandır. Çünki heç bir hakimiyyət nümayəndəsi çıxıb “bu vəziyyət bizim yanlış siyasətimizin nəticəsidir” deməyəcək. Ərzaq qiymətlərinin bahalaşması həqiqətən də qlobal tendensiyadır və dünyanın bir çox ölkəsində ciddi problem olaraq qalır. Bu proses yoxsulluq səviyyəsinin artmasına səbəb olur. Əgər əhalinin gəlirlərinin böyük hissəsi yalnız ərzaq məhsullarının alınmasına sərf olunursa, bu, sosial rifahın aşağı olduğunu və kasıblığın dərinləşdiyini göstərir. Ərzaq qiymətlərinin bahalaşması insanların sosial həyatına, yaşayış səviyyəsinə və ümumi iqtisadi durumuna birbaşa mənfi təsir edir”.

natiq ceferli real

Natiq Cəfərli

İqtisadçının sözlərinə görə, bu problemin qarşısını almağın müxtəlif üsulları mövcuddur:

“Tarixən özünü doğrultmuş əsas yol isə bazarda bolluğun təmin edilməsidir. Bunun üçün istehsal həcmləri artırılmalı, sağlam rəqabət mühiti formalaşdırılmalıdır. İstehsal artdıqca və rəqabət gücləndikcə qiymətlərin sabitləşməsi və ya aşağı düşməsi üçün şərait yaranır”.

Natiq Cəfərli onu da qeyd edib ki, burada dövlətin üzərinə mühüm sosial məsuliyyət düşür:

“İstehsalın artırılması və rəqabətli mühitin yaradılması ilə yanaşı, sosial vəziyyəti ağır olan vətəndaşlara ünvanlı dəstək göstərilməlidir. Bu yardımlar dövlətin kiməsə etdiyi lütf deyil. Onlar məhz vətəndaşların ödədiyi vergilər hesabına formalaşan dövlət büdcəsindən ayrılan vəsaitlərdir”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: