Bu gün saat 11:40 radələrində 1980-ci il təvəllüdlü şəxs (kişi) Yevlax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Globalinfo.az bildirir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Yevlax Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
“Sağ budun aşağı üçdə birinin odlu silahla yaralanması diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müvafiq şöbədə müalicəsi davam etdirilir, vəziyyəti stabildir”, məlumatda qeyd olunub.
X X X
Yevlaxda baş verən silahlı insidentin bəzi detalları məlum olub.
Globalinfo.az bildirir ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə yanvar ayının 16-da rayonun Qoyunbinəsi kəndində qeydə alınıb.
Kənd sakini 1980-ci il təvəllüdlü Qoşqar Novruzova məxsus mal-qara 1987-cı il təvəllüdlü Zaur Səmədovun əkin sahəsinə girib. Bitkilərə ziyan dəydiyi üçün tərəflər arasında mübahisə düşüb. Nəticədə Z.Səmədov özünə məxsus ov tüfəngi ilə Q.Novruzova atəş açaraq onu ayağından yaralayıb.
Z.Səmədov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı Yevlax Rayon Polis Şöbəsində cinayət işi başlanıb.
Qeyd edək ki, Zaur Səmədov Yevlaxın keçmiş icra başçısı, 2019-cu korrupsiya ittihamı ilə həbs olunmuş və 2023-cü ildə dünyasının dəyişmiş Qoca Səmədovun oğludur.
***15:27
Bu gün Yevlaxda silahlı insident baş verib.
Globalinfo.az bildirir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə zamanı 39 yaşlı Zaur Səmədov qeydiyyatda olan ov tüfəngi ilə xuliqanlıq zəminində tanışı, 46 yaşlı şəxsin ayaq nahiyəsinə xəsarət yetirib.
Z.Səmədov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı Yevlax Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Əldə etdiyimiz digər məlumata görə, Zaur Səmədov Yevlaxın sabiq icra başçısı Qoca Səmədovun oğludur.
Xatırladaq ki, 2019-cu ildə həbs edilən Q.Səmədov vaxtından əvvəl şərti azadlığa buraxılmış və səhhətindəki problemlər səbəbindən 2023-cü ildə vəfat etmişdi.