Qlobal Şuşa

Gün doğmadan nələr doğar… – Vaxt vardı, ermənilərin Şuşada qanunsuz arxeloji qazıntılar aparmasının, sonra qanunsuz məskunlaşmanın qarşısını necə almaq, nəhayət işğala son vermək barədə düşünür-daşınırdıq. – Beynəlxalq hüquq mexanizmləri arayırdıq, ikilistandartlar, biganəliklər görürdük, sarsılırdıq. Budur, Şuşa artıq beynəlxalq tədbirlər meydanına çevrilib. Son üç il içində hər il müxtəlif beynəlxalq tədbirlərçün ayrı-ayrı ölkələrdən onlarla nüfuzlu insan Şuşaya gəlir. – Sənətçilər, şairlər, yazıçılar, jurnalistlər, bloqgerlər, diplomatlar və b. Şuşaya yığışır, müzakirələr aparır, görürlər-götürürlər…

Şuşa öz bayrağımızın kölgəsində dirçəlir, yenidən qurulur. Quruculuqla beynəlxalq tədbirlərlər adətən paralel aparılır. Bu isə sadə bir məsələ deyil. Özü də, söhbət yalnız Şuşadan getmir. İşğaldan azad olunmuş digər şəhər, qəsəbə və kəndlərimiz də minalardan təmizlənir, tikilir-qurulur. – Yenidən qurulur! Müzəffər Ali Baş Komandan az qala hər ay təməllər atır, yollar açır. Qarabağda, Gündoğar Zəngəzurda köprü və tunellər tikilir. Dəmir yolları, hava yolları yoxdan var olur. Qarabağda, Gündoğar Zəngəzurda “yox” yoxdur, “var” var! – Erməni vandalizmi sıradan çıxarılır, yerinə azərbaycanlı quruculuq mədəniyyəti qayıdır. Bu, güclü iqtisadiyyatın, sarsılmaz siyasi iradənin, qüdrətli ordunun, dövlət-xalq birliyinin rəhnidir, təntənəsidir. Şəhidlərimizin ruhuna dərin sayğılar, qazilərimizə ən xoş diləklərimiz var!

Bugünlərdə əziz Şuşamız növbəti beynəlxalq tədbirə evsahibliyi etdi: Şuşa Beynəlxalq Media Forumu.

Azərbaycan Prezidentinin Forumdakı parlaq nitqi haqlı olaraq müxtəlif yönlər üzrə təhlil edilir, incələnir.

Prezident 3 saat (!) ərzində dünyanın dörd tərəfindən Şuşaya gəlmiş media təmsilçilərinin suallarını geniş şəkildə və böyük ustalıqla  cavablandırdı.

Prezidentin qalib Azərbaycanın müsbət imicini (növbəti dəfə!) dünya mediasının (beynəlxalq ictimaiyyətin) gündəminə çevirməsi özü bir hadisədir və bir Forum üçün bu sonuc özü belə yetərli sayıla bilər. Ancaq başqa çoxsaylı müsbət sonuclar da var, təbii.

İlham Əliyevin aydın, səlis danışığı, sadə və səmimi davranışı, hər hansı bir sualdan yayınmaması diqqətlərdən qaçmadı. Azərbaycan lideri qlobal səviyyəli siyasi lider kimi Azərbaycanla, bölgəmizlə bağlı bütün məsələlərə tam aydınlıq gətirdi.

Prezidentin dünya mediasının suallarını cavablandırması Azərbaycanın beynəlxalq imicinin daha da möhkəmlənməsi, mövqeyimizin Yer üzünə daha təsirli şəkildə çatdırılması baxımından böyük önəm daşımaqdadır.

İlham Əliyevin Forumun özünə verdiyi dəyər, onun möhtəşəmliyini qeyd etməsi də vurğulanmalı məqamlardandır.

Şuşa Beynəlxalq Medua Forumunun önəmini ifadə edən məqamlardan biri də odur ki ilk dəfə idi, Azərbaycanda belə – bu səviyyədə tədbir keçirilirdi. Bəli, həm müzakirə olunan məsələlərə, məsələlərin əhatə dairəsinə, təmsilçilərinə (bir sözlə, keyfiyyət və kəmiyyət göstəricilərinə!) görə qlobal səviyyəli Forumdan danışırıq.

Forumun keçirilməsinin və də məhz Şuşada keçirilməsinin önəmi bir də ondadır ki, əziz Şuşamız qlobal səviyyəli mərkəz statusunu gücləndirir, sabitləşdirir. Xarıbülbül, Vaqif Poeziya Günləri, BMT-Azərbaycan bağlarının müzakirə olunduğu diplomatik konfrans və b. ilə birgə, Şuşa erməni işğalını, erməni vandalizmini sıfırlayaraq, onun “yer”inə humanizmi, hüququ, sənəti, mədəniyyəti qoyur. Bu azərbaycanlı nəfəsi, yolu işğaldan öncə də vardı, işğal sonlandırılınca da var oldu…

Şuşa Beynəlxalq Forumunda iştirak edən xarici qonaqların Azərbaycan Prezidenti, çiçəklənən ölkəmiz, əziz Şuşa və Forumun haqqında müsbət fikirləri də ayrı bir aləmdir. Şuşa – Azərbaycanın və bu il üçün Türk dünyasının Mədəniyyət paytaxtı statusunu qürurla daşıyır!

Forumda müzakirə olunan məsələlərin beynəlxalq güncəlliyi, Yer üzü mediasının, informasiya-kommunikasiya sahəsinin inkişafına Forumun verəcəyi töhfələr danılmazdır.

Onu da vurğulayaq ki, Prezidentin tapşırığına əsasən Forumun gələnəksəl olması və hər il keçirilməsi qərarlaşdırılıb.

Şuşa Forumunun beynəlxalq ictimai fikrə təsir edən medianın böyük marağına səbəb olması, tədbir haqqında xarici mediada verilən materiallar dediklərimizi təsdiq edir.

Hər şey çox yaxşı olacaq!

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

Əkbər QOŞALI