Qlobal savaşlardan ölkəni qorumaq üçün seçkilərin keçirilməsi vacibdir

2018-ci ildə İlham Əliyev prezident seçildikdən sonra ölkə qarşısında duran ərazi bütövlüyünün bərpası prosesinin son tamamlayıcı mərhələsinə start verdi. Qısa zamanda ölkəmizin, xalqımızın bütün potensialını vahid məqsəd uğrunda səfərbər etdi.

Ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası həm regionda, həm də ölkəmizdə yeni reallıqlar yaradıb. Müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq seçkilər bütün ölkə ərazisində keçirilir.

Maraqlıdır, 2018-ci ildəki şərtlərlə hazırkı şərtlər arasında nə kimi oxşarlıq, fərq var? Bu qərar daxili amillərə görə verilib, yoxsa xarici faktorlar bu addımın atılmasına səbəb oldu?

Mövzunu Globalinfo.az-a şərh edən Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib ki, növbədənkənar prezident seçkilərinin keçirilməsi hazırda Azərbaycan dövlətçilik tarixində, siyasət həyatında formalaşmış yeni tarixi mərhələ ilə əlaqədardır:

Hikmət Babaoğlu

“30 il ərzində ilk dəfədir ki, bu seçkilər bütün ərazilərimizdə keçiriləcək. Bu bir daha ölkənin bütün ərazilərində suverenliyimizin tam şəkildə bərpa edildiyini sübut edir.

Buna paralel olaraq Azərbaycanda keçirilən siyasi islahatlar kontekstində siyasi sistemimizin daxili aktorları olan partiyalar qarşısında da yeni çağırışlar yaradıb. Belə ki, bu günə qədər Azərbaycanın siyasi institutlarının əsas hədəfi ərazi bütövlüyünün bərpa edilməsi idisə bu baş verib. Buna görə deyirik ki, yeni çağırışlar yaranıb.

Yeni hədəflər müəyyən edilməlidir. Biz inkişaf etmək istəyiriksə, davamlı işlər görməliyik. Prezident seçkiləri ilə bir daha buna nail olmaq olar. Böyük hədəflərə çatmaq üçün sağlam, güclü hakimiyyət lazımdır.

O ki, qaldı növbədənkənar seçkilərin keçirilməsində xarici faktorların təsirinə, bunu real hesab etmirəm. Bu bizim daxili işimizdir və Azərbaycan heç bir ölkəyə görə addım atmır”.

Siyasi şərhçi Əziz Əlibəyli isə qeyd edib ki, 2018-ci ildəki şərtlər ilə hazırkı şərtlər çox fərqlidir:

Əziz Əlibəyli

“Əvvəla, ona görə ki, 2018-ci ildə regional təhdidlər bol idisə, hazırda qlobal təhdidlər çoxdur. Bundan başqa, regionda gedən siyasi oyunun qaydası əsaslı surətdə dəyişib.

Cənubi Qafqazda qalibiyyətə əsaslanan münasibətlər sistemi 2020-ci ildən sonra fərqli cür özünü göstərir. Məhz buna görə hazırkı şərtlər ilə seçkiyə getmək ağıllı addımdır.

Hesab edirəm, 7 fevral tarixi 27 sentyabr, 8 noyabr tarixləri kimi təqvimdə möhtəşəm bir gün kimi özünə yer tapacaq. Seçki bizə bir sıra təhdidlərə müqavimət imkanı tanıyacaq. Demokratik seçki bizi ittiham edən qüvvələrə cavab olacaq.

Müharibədə qalib gəlmiş prezidentə heç şübhəsiz xalq da dəstək olacaq. İctimai rəyin dəstəyinin dərəcəsi hazırda yüksəkdir. Bu dəstəyin davam etdiyi bir zamanda qlobal müstəvidə gedən savaşların təsirindən ölkəni qorumaq üçün seçkilərin keçirilməsi vacibdir. 2023-cü il Türkiyədə seçki təqvimi ilə başladı. 2024-cü il isə Azərbaycanda, Rusiyada, ABŞ-da və digər bir sıra ölkələr də seçkilər ilə yadda qalacaq”.

Turan Rzayev
Globalinfo.az