Qızları hədələyən seksual manyakın cəzası azaldıldı – Səbəb

Bakıda avtobuslarda gənc qızlara qarşı seksual xarakterli hərəkətlər etmiş şəxs barəsindəki hökmdən apellyasiya şikayəti verib.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, ötən ilin aprelində paytaxtın Səbail rayonu ərazisində marşrut avtobuslarında bir neçə qıza qarşı oxşar hadisələr törətmiş 1978-ci il təvəllüdlü S.S. ona bəraət verilməsini tələb edib.

Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesin yekununda 45 yaşlı şəxsin cəzası doqquz ildən altı ilə endirilib. Belə ki, onunla bağlı Cinayət Məcəlləsinin 234.1-ci (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə çıxarılan hökm ləğv edilib. Bu maddə üzrə ona bəraət verilib. Cinayət Məcəlləsinin 150.2.3-cü (Seksual xarakterli zorakılıq hərəkətləri) maddəsi üzrə isə təqsirləndirilən şəxsə altı il azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Qeyd edək ki, ötən ilin aprelində Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinə müraciət edən İ.S. 31 saylı xəttə məxsus avtobusda naməlum şəxsin onun 2005-ci il təvəllüdlü qızına qarşı seksual xarakterli hərəkətlər etdiyini və qızını ölümlə hədələdiyini bildirib.

Bundan sonra əməliyyat-axtarış tədbirləri çərçivəsində Səbail rayonu ərazisində taksi fəaliyyəti ilə məşğul olan S.S. saxlanılıb. Marşrut avtobuslarından istifadə etməyən şəxsin vaxtaşırı ictimai nəqliyyata daxil olaraq gənc qızlara qarşı iyrənc hərəkətlər etməsi üzə çıxıb. Qızlardan biri, hətta onun fotosunu mobil telefon vasitəsilə çəkərək saxlayıb və daha sonra polisə təqdim edib.

Baş Prokurorluğun Mətbuat xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, qeyd olunan cinayət işi üzrə məhkəmə qərarından Baş Prokurorluq tərəfindən kassasiya protesti verilib.